Səbail rayonunda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunub
Səbail rayonunda “Konstitusiya və Suverenik İli” çərçivəsində Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Milli ruhun nəğməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova, Bakı səhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Altun Rəcəbli, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, H.Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim heyəti, təhsil müəssisəsinin müəllim və şagird heyəti, valideynlər iştirak etmişlər.
Tədbir zamanı bildirilmişdir ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan Ümummilli lider Heydər Əliyevin dünya şöhrətli dahi bəstəkar Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti var idi. O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü.Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
Tədbirdə şagirdlər Üzeyir Hacıbəylinin musiqili komediyalarından müxtəlif obrazları məharətlə səhnələşdirmiş, dahi bəstəkarın əsərlərindən parçalar ifa etmişlər.






