8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” mövzusunda görüş
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Zəfər həftəsi” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” mövzusunda görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Vətən müharibəsi qazisi, mayor Polad Rzayev, şəhid kapitan Mühüd Orucovun həyat yoldaşı Qumru Orucova, universitetin müəllim və şagird heyəti iştirak etmişlər.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi və Ordumuzun peşəkarlığı sayəsində 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə başa çatıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur, döyüş ruhu və dövlətçilik iradəsinin təntənəsidir.
Vətən müharibəsi qazisi, mayor Polad Rzayev çıxış edərək döyüş yolu, hərbi xidmətdə keçdiyi mərhələlər və Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə göstərdiyi qəhrəmanlıq nümunələri haqqında tələbələrlə öz xatirələrini bölüşüb. O, xüsusilə gənclərin vətənpərvərlik ruhunda, dövlətə sədaqət prinsipləri ilə böyüməsinin vacibliyini vurğulayıb. İnteraktiv formatda davam edən tədbirin sonunda fəal tələbələrə şəhid kapitan Mühüd Orucovun həyat fəaliyyətindən bəhs edən kitab təqdim edilmişdir.






