Vətən müharibəsi şəhidi Vüsal Teymurovun ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Teymurov Vüsal Zakir oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.