8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin məzarları və “Şəhidlər” abidə kompleksi ziyarət olundu
8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları və “Şəhidlər” abidə kompleksi ziyarət olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Kərim Xələfov, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvləri, İçərişəhər Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli, Bibiheybət məscidinin axundu hacı Rahib Babayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Vətən müharibəsi iştirakçıları Salman Xudaverdiyev, Əsgər Əhmədov, Ramin Şirinov, Qafar Məmmədəliyev, şəhidlərin ailə üzvləri, müharibə əlilləri və veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə şəhidlərin əziz xatirəsinə quraşdırılmış xatirə lövhəsi, daha sonra ölkəmizin müstəqilliyi və torpaqlarımızın azad olunması naminə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.
Tədbir zamanı çıxış edənlər 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və 44 gündən sonra Böyük Zəfərlə başa çatan Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu bildirərək, 8 noyabr – Zəfər Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin əmanəti olduğunu qeyd etmişlər.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri tərəfindən Azərbaycan xalqına unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.






