Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmış, şəhidlərin xatirəsinə quraşdırılmış abidə lövhəsi ziyarət olunmuş, daha sonra Vətən uğrunda qəhrəmancasına canından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirərək ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu və həmin qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Daha sonra çıxış edən millət vəkili Nigar Arpadarai qazandığımız tarixi nailiyyətlərə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, bizləri Qələbə ilə sevindirən Azərbaycanın Şanlı Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən cəsur qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirmişdir.
Şəhidlərin ailə üzvləri ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhidlərə, onların ailələrinə verilən yüksək dəyərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, Anım günündə şəhidlərin məzarlarının ziyarət olunmasının övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi olduğunu ifadə etmişlər.