Şəhid Vüsal Həsənovun ailə üzvləri ziyarət olundu
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Həsənov Vüsal Ariz oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi ev 3/23 ünvanında şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıran Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Qeyd olunmuşdur ki, şəhid ailələri və müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən şəhid Vüsal Həsənovun ailəsinə dəstək olunaraq yaşadıqları fərdi yaşayış evi əsaslı şəkildə təmir edilmişdir. Bununla yanaşı şəhid ailələrinin və qazilərimizin mənzil-məişət şəratinin yaxşılaşdırılması, eyni zamanda, imtiyazlı şəxs kimi mənzil uçotuna alınması istiqamətində işlər aparılmaqdadır.
Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək, dövlət tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqətin və verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu bildirmişdir.