Vüsal Həsənovun Vətən müharibəsində şəhid olmasının ildönümü ilə əlaqədar xatirəsi anıldı
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Vüsal Həsənov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Badamdar qəsəbəsi, Gənclər küçəsində şəhid Vüsal Həsənovun ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsi önünə gül dəstələri düzülmüş və xatirəsi ehtiramla anılmışdır.
Mərasim zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinə, qazilərə, müharibə iştirakçılarına dövlət səviyyəsində verilən qiymətdən, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.