Xocalı soyqırımı günü ilə əlaqədar YAP Səbail rayon təşkilatı tərəfindən tədbir keçirilmişdir
26 Fevral – Xocalı soyqırımı günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Qarabağ müharibəsinin qazisi, Xocalı sakini Rəhman İsmayılov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və partiya fəalları iştirak etmişlər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını, bu hadisənin insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri olduğunu vurğulamış, faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər.
Qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsinin daim ehtiramla anılacağını, gənc nəslin bu tarixi unutmaması və milli yaddaşın qorunmasının vacibliyini qeyd etmişlər.






