Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü il dönümü münasibətilə tədbir keçirilmişdir

21 noyabr 2025 | 12:21

Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü il dönümü münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilmişdir.

İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Badamdar qəsəbəsi Heydər Əliyev parkında yerləşən büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmiş, daha sonra şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuşdur.

Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbirdə Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü, UNEC-in rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban xanım və Vətən müharibəsi iştirakçısı Ramin Şirinov çıxış ediblər.

Çıxış edənlər məhz Ulu Öndər Heydər Əliyevin gərgin, müdrik, cəsarətli fəaliyyəti və çevik diplomatiyasının nəticəsi olaraq Azərbaycanda sosial-iqtisadi inkişafın təməlinin qoyulduğunu, aparılan zəruri islahatların, əsrin müqaviləsinin imzalanmasının, dünya ölkələri ilə münasibətlərin yenidən qurulmasının, ordu quruculuğu və xalqın dövlət ətrafında birliyinin təmin olunmasının Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdiyini qeyd etmişlər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirərək, xalqımızın həsrətlə gözlədiyi torpaqları işğaldan azad etdiyini, son beş ili xalqımızın qürur və şərəflə yaşadığını, azad olunmuş ərazilərdən böyük quruculuq işlərinin davam etdirildiyini bildirmişlər.

Tədbir bədii hissə ilə davam etmişdir. Sonda YAP Səbail rayon təşkilatının fəal üzvləri fəxri fərmanla təltif olunmuş, yeni üzvlərə isə partiya vəsiqələri təqdim edilmişdir.

 

Keçidlər