Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Nigar Arpadarai, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova, Vətən müharibəsi qazisi Ramin Şirinov çıxış ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Yeni Azərbaycan Partiyasının inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının, həmçinin YAP Səbail rayon təşkilatının ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, təsis olunduğu gündən azərbaycançılıq ideologiyası əsasında milli maraqlara əsaslanan məqsədyönlü fəaliyyət göstərən partiya xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevrilmiş, ölkəmizin əldə etdiyi uğurlarda müstəsna rol oynamışdır.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasına nail olan Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.






