Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib

17 fevral 2026 | 15:40

Səbail Rayon İcra Hakimiyyətində YAP Səbail rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və RİHBA-nın əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ulu Öndər Heydər Əliyevin gərgin, müdrik, cəsarətli fəaliyyəti və çevik diplomatiyasının nəticəsi olaraq Azərbaycanda sosial-iqtisadi inkişafın təməlinin qoyulduğunu, aparılan zəruri islahatların, əsrin müqaviləsinin imzalanmasının, dünya ölkələri ilə münasibətlərin yenidən qurulmasının, ordu quruculuğu və xalqın dövlət ətrafında birliyinin təmin olunmasının Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdiyini qeyd etmişdir. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirərək, xalqımızın həsrətlə gözlədiyi torpaqları işğaldan azad etdiyini, son altı ili xalqımızın qürur və şərəflə yaşadığını, azad olunmuş ərazilərdən böyük quruculuq işlərinin davam etdirildiyini bildirmişdir.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev müstəqil Azərbaycan dövləti üçün taleyüklü məsələlərlə bağlı qərarların qəbulu məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və uğurlu siyasəti nəticəsində mümkün olduğunu vurğulayaraq bu gün Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizdə, o cümlədən regionda olan ən böyük siyasi təşkilatlardan biri olduğunu qeyd etmişdir.

Sonda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur.

Keçidlər