Şriftin ölçüsü :

Saytın rəngi :

Yusif Budaqovun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

31 oktyabr 2022 | 10:52

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Budaqov Yusif Ramiq oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür. Aprel döyüşlərində iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış və oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Oktyabrın 22-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Budaqov Yusif Ramiq oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Mərasim zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov  Ölkə rəhbərliyinin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini qeyd etmişdir.  

Şəhidin anası Lətafət Budaqova hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər