Səbaildə 8 noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirildi
Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində “Heydər Əliyev İli” çərçivəsində 8 noyabr – Zəfər Günü münasibəti ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri Qabil Vahidov və Leyli Mirzəyeva, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, məktəbin direktoru Sara Xanlarova, şəhid ailə üzvləri, müəllim və şagird heyəti iştirak etmişlər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Vaxtilə Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə gerçəyə çevirmişdir. Xalqımız artıq 3-cü ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılmışdır. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sahələrinin sürətlə bərpa edildiyini, ən əsası, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin ən müasir standartlara uyğun həyata keçirildiyini qeyd etmişdir”. RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinin, döyüşlərdə yaralananların və müharibə iştirakçılarının daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü diqqətə çatdırmış, eyni zamanda ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə qayğı ilə yanaşılmasının bütün cəmiyyətimizin borcu olduğunu bildirmişdir.
Sonda şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam etmişdir.