Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunmuşdur

06 noyabr 2025 | 15:29

Bakı Kitab Mərkəzində Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunmuşdur. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak etmişlər.

Tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrini, azad edilmiş şəhər və kəndlərin görüntülərini, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin ifasında xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib.

Keçidlər