Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi uğurla başa çatdı Azərbaycan Prezidenti İlham Əliyev Qran-prinin açılış mərasiminə və final yarışına baxıb

19 iyun 2016 | 16:00

Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-prisi keçirilib.
İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.
Açılış mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət kollektivi tərəfindən dövlət himnimiz ifa olundu.
Sonra Formula-1 Avropa Qran-prisinin final mərhələsinə start verildi.
Gərgin idman mübarizəsi şəraitində keçən Avropa Qran-prisinin qalibi “Mersedes” komandasının üzvü Niko Rozberq oldu. Almaniyalı pilot məsafəni 1 saat 32 dəqiqə 52 saniyəyə qət etdi. İkinci yerə “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel çıxdı. Üçüncü yerdə isə “Force İndia” komandasının meksikalı pilotu Serxio Perez qərarlaşdı.
Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.
Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olundu.
Bununla da Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi olan Bakı Avropa Qran-prisi başa çatdı.

Keçidlər