Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2017-ci ilin yekunları müzakirə olunmuşdur

09 fevral 2018 | 16:00

Səbail rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2018-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Hesabat yığıncağında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov  ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Qeyd olunmuşdur ki, ötən il dünya ölkələrinin böyük   davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının  inkişafı  ötən  ildə də davam  etmiş  və bu inkişafın təməlində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq  müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət və ölkə başçısının apardığı islahatlar dayanır.
Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da  aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbailin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Səbail rayon İcra Hakimiüyyəti Başçısının müavini Eldar Ağayev 2017-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2017-ci ildə rayonun iri sənaye  müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % çox məhsul istehsal edilmiş, iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat və ya 5,5  faiz çox olmuşdur. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 5.528,0  milyon manat  olmuşdur.
2017-ci ildə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  850,1  milyon manat məbləğində  və ya 30,4 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 270.6 milyon manatlıq və ya 2,2 faiz çox pullu xidmət göstərilmiş, ictimai iaşə dövriyyəsi isə 9.2 faiz artaraq 160,9 milyon  manat, ödənişli xidmətlərin həcmi isə 2.2  faiz artaraq 270.6  milyon manat olmuşdur.
2017-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 114003  nəfər, orta aylıq əmək haqqının məbləği 1481,8  manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə  8.0  % çoxdur.Ötən il ərzində Səbail rayonda 4571-i daimi olmaqla 5502  yeni iş yeri açılmış, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.01.2018-ci il tarixinə kimi  58107 yeni iş yerləri açilmışdır ki, bunun da 53708-i daimi iş yerləridir.
İl ərzində Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi tərəfindən rayon üzrə  ümumilikdə 191 ailəyə (741 ailə üzvü) orta hesabla 151,89 manat məbləğində Ünvanlı Sosial Yardım təyin olunmuş, Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 1332 nəfər daimi işlə təmin olunmuş, mərkəzdə 144 nəfər işaxtaran vətəndaş üçün müxtəlif  peşə kursları   açılmışdır.
Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin   və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binalarında aparılan təmir-yenidənqurma işlərindən  sonra yaradılan şəraitlə, həmçinin Oktyabın 28-də 20-ci yaşayış sahəsində Səbail RİH tərəfindən istifadəyə verilmiş yeni idman və istirahət parkında yaradılan şəraitlə tanış olub. 
Ötən il Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin İnzibati binası istifadəyə verilib, Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri başa çatıb. Badamdar qəsəbəsində 2 ədəd 10 min kub metrlik yeni su anbarlarının tikintisi başa çatıb, 20-ci sahədə ümumi tutumu 5 min kub metr olan 3 su anbarı istifadəyə verilib.
İl ərzində Xaqani, Üzeyir Hacıbəyov, Puşkin küçələrində yerləşən yaşayış binalarının fasadlarının üzlənməsi aparılmış, hazırda Bülbül prospekti, Üz.Hacıbəyov, Əhməd Cavad küçələrində bir sira binaların fasadları, səkilər təmir olunur.
Bu gün rayon ərazisində "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin,   yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Səbail rayon Prokurorluğunun və DTX Səbail rayon İdarəsi üçün yeni inzibati binaların tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin  əsaslı təmiri davam edir.
RİH tərəfindən   Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması işləri davam etdirilir, şossesinin kənarlarında zəbt olunaraq tikilmiş və qanunsuz artırılmış, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan  tikililərin söküntüsü aparılır.
Kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binasında yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunmuşdur.
  RİH tərəfindən Bayıldakı 157 saylı uşaq bağçasının müasir standartlara tam cavab verən layihə sənədləri əsasında əsaslı təmir-yenidənqurulması işləri aparılıb, bağça binasının tam qəzalı olması səbəbindən bina sökülərək yeni bina tikilmişdir. Hazırda binanın daxilində tamamlama və dizayn işləri başa çatıb.
Rayonda   mənzil tikintisi məsələlərinə diqqət artırılmış,  tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 14 müasir layihə işlənib təsdiq olunmuşdur. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb.  Rayonun digər ərazilərində də köhnə binaların yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı işlər aparılır. 
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. 
RİH tərəfindən Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti “Abad məhəllə”nin yaradılması ilə bağlı İDEA təşkilatı ilə birgə yeni layihə hazırlanmış və burada işlər həyata keçirilməyə başlanılıb. 
Yaradılmış “Ekoloji park”da işlər davam edir, burada əkilən 200 mindən çox ağaca gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-nin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Səbail rayonu üzrə 1 nəfər  “Əməkdar həkim”,   5 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar rəssam”, 2 nəfər  “Əməkdar mədəniyyət işçisi”, 2 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 müəllim və 2 nəfər mədəniyyət xadimi “Tərəqqi” medalı, 1 nəfər «Dövlət qulluğunda fərqlənməyə görə» medalı və 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişlər.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən mayın 15-nə kimi Səbail rayonunda əhalinin tibbi müayinəsi tədbirlərinin həyata keçirilmiş,  rayon üzrə 75304 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı 258 nəfər stasionar müalicəyə götürülmüş, 17768 nəfərə ambulator müalicə təyin edilmişdır.
Hesabat dövründə Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən qeydə alınmış 824 cinayətin 718-nin və ya 86,5%-nin açılması təmin edilmiş, ağır və xüsusi ilə ağır cinayətlərin  82,7%-nin açılması təmin edilmiş, açılma 70,8%-dən 82,7%-ədək artaraq, 11,9% yaxşılaşmışdır. Qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 76,5%-nin, keçmiş illərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.
Hesabat dövründə axtarışda olan 154 nəfər təqsirləndirilən şəxsdən 98-nin və ya 63,6%-nin tutulması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışda olan 62 nəfərdən 21-nin və ya 33,9%-nin, eləcə də bu növ cinayətlərə görə keçmiş illərdən axtarılan 25 nəfərdən 5-nin (20,0%) tutulması təmin edilmişdir.
Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən tədbirlər həyata keçirilmiş və bu sahədə 29 cinayət qeydə alınmışdır. Aşkar edilmiş 22 fakt üzrə cəmi 15 kq 805,755 qram narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılmışdır. (dövriyyədən çıxarılmış maddələrin 13 kq 539,687 qramı qurudulmuş marixuana, 2 kq 214,11 qramı heroin, 50,960 qramı tiryək olmuşdur).
Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri -  qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, bələdiyə və kommunal xidmətlərin işindəki çatışmamazlıqlar, qanunsuz tikintilərin qarşısınını alınması, Bayıl yamacındakı torpaq sürüşməsi hadisəsinin fəsadlarının aradan qaldırılması və sakinlərin problemlərinin həlli, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, köhnə binaların əsaslı təmir işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, məktəblərdə hərbi-vətənpərvərlik işlərinə diqqətin daha da artırılması, dövlət qulluqçularının vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyəti “qənaətbəxş” qiymətləndirmişdir.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasıyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev  çıxış etmişdir.

 

Keçidlər