Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində “Şəhidlər abidəsi”ndə şəhid Ərəstun Süleymanovun xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir

15 fevral 2020 | 16:00

Fevralın 15-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Respublikamızın ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə 28 iyun 1992-ci il tarixində şəhid olmuş Süleymanov Ərəstun Tariyel oğlunun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər abidəsi”ndə xatirə lövhəsinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət etmişdir. Tədbirdə iştirak edən RİH başçısı, şəhidin ailə üzvləri, döyüş yoldaşları, bir qrup veteran, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri şəhidin xatirə lövhəsi qarşısına gül dəstələri qoymuşlar.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirmişdir: “Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır və bu ailələr oğullarını Vətən uğrunda qurban veriblər. Ona görə də ölkə başçısı bu kateqoriyadan olan insanlara artıq dərəcədə həssas yanaşır. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir”. RİH başçısı müharibə əlilləri və şəhid ailələrinin dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini qeyd etmişdir.
Şəhidin atası Süleymanov Tariyel Baba oğlu şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün şəhid ailələri adından öz minnətdarlığını bildirərək qeyd etmişdir ki: “İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir ki, biz şəhid ailələri ölkə başçısının daimi diqqətindəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk”.

Keçidlər