Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları status-kvo siyasətini və təmas xətti deyilən süni maneəni artıq darmadağın edibdir

22 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə vermişdir. Müsahibə vaxtı müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı sualları cavablandıran cənab Prezident bildirmişdir ki, Azərbaycan tərəfi münaqişənin sülh yoluyla nizamlama prinsiplərinə hər zaman sadiq olub və işğalçı, terrorçu Ermənistandan fərqli olaraq bir sivil dövlət kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Bəllidir ki, Moskva danışıqlarından sonra da Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada yerinə yetirməyə davam edir və münaqişənin dinc yolla, sülh yolu ilə həllinə üstünlük verir. Cənab Prezidentin videomüsahibədə qeyd etdiyi kimi: “Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”. Ancaq danışıqlardan heç 24 saat keçməmiş Ermənistan silahlı qüvvələri gecə vaxtı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmaqla misli görünməmiş terror hadisəsi törətdi. Bu terror aktı nəticəsində bizim çoxlu sayda mülki sakinlərimiz həlak oldu. Ölən və yaralanan insanlar arasında körpə uşaqlar, qocalar və qadınlar çoxluq təşkil etdi. Moskvada belə uzun danışıqlardan sonra mənfur qonşumuzun öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi real döyüş meydanında məğlubiyyətlərini ört-basdır etmək üçün mülki sakinlərimizi hədəf alır. Vəziyyətin bu cür qaynar fazaya daxil olmasında Azərbaycanın təqsiri yoxdur. Bütün təqsir işğalçı siyasət yürüdən hazırki Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür.
ATƏT-in Minsk Qrupunun həmsədrləri son 30 ildə işğal altında saxlanmış Azərbaycan ərazilərinin azad olunması istiqamətində heç bir irəliləyişə nail ola bilmədi. Bu isə Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin effektivliyinə yumşaq desək, kifayət qədər ciddi şübhələr yaradır. Bütün baza prinsipləri, üstəlik kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. İşğalçı ölkənin baş naziri bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Ona görə də indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir və hər kəsə bəllidir ki, işğalçı ölkənin hazırkı baş naziri Sorosun əlaltısıdır. Onun partiyası “Çıxış” adlanır. Bu isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi Birliyindən çıxış anlamına gəlir. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun nümayəndələridir. “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələri də indiki erməni hakimiyyətinin tərkibində yer alır. Sözsüz ki, Rusiya münaqişənin həll olunmasında mühüm rol oynayıb və bunun səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir.
Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması vacib hər bir addımı atacaq. Ümumiyyətlə, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, böyük dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü baza prinsipləri çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Ermənistan tərəfi isə daim məsələnin həllini uzadaraq imitasiya edirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu imitasiyalara, bu hiyləgər diplomatiyaya birdəfəlik son qoydu və indi torpaqlarımızı işğaldan azad edir. Artıq status-kvo deyilən bir anlayış yoxdur, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları status-kvo siyasətini və təmas xətti deyilən süni maneəni artıq darmadağın edibdir. Bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində edilmişdir. Bununla bərabər Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Baza prinsiplərinə əsasən Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyaların açılmasının da nəzərdə tutulmuşdur. Cənab Prezidentin bildirdiyi kimi :“Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik”.
Azərbaycan tərəfindən guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə saxta xəbərlər Ermənistan rəsmilərinin açıqlamalarında, media məlumatlarında xüsusi yer alır. Bu cür bəyanatlar təkcə Ermənistan tərəfindən deyil, Rusiya və Fransa tərəfindən də səslənirdi. Ali Baş Komandan dəfələrlə bildirmişdir ki, bu cür narahatlıqlar əsassızdır. Çünki heç bir konkret faktın və sübutun olmadığı halda belə xəbərlərin yayılması ona əsas verir ki, bu kimi informasiyalar saxtadır. Şübhəsiz ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Ehtiyatda olanlar sayılmazsa, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü olduğunu hər kəs bilir. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından düşmən üzərində üstünlüyünü nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əks hücumuları nəticəsində 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilmiş, eyni zamanda 36 tankı qənimət götürülmüş, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğuları məhv edilmişdir. Dövlət başçımız müsahibəsində həmçinin Ermənistanın yenidən silahlanması məsələsinə də toxundu. Bu isə heç şübhəsiz ki, bölgənin təhlükəsizliyini pozur. Hazırda Rusiyada yaşayan erməni mənşəli iri sahibkarların və beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli ilə qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana silah-sursat daşınmışdır. Əlbəətdə ki, bu Azərbaycan xalqını narahat edən məsələlərdən biridir.
Beləliklə, rəşadətli ordumuzun gücü hesabına tarixi ədalət bərpa olur. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı geri qaytarır. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaqdır.

Keçidlər