Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir”.

08 yanvar 2021 | 16:00

Azərbaycanın sürətli inkişafı mədəniyyət sahəsində də özünü qabarıq şəkildə göstərir. Azərbaycan xalqı özünün zəngin milli, mənəvi və əxlaqi dəyərlər prinsipinə daim sadiq qalmış, bu dəyərləri daha da inkişaf etdirməklə əsrlərlə qoruyub saxlamışdır. Azərbaycanın qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən bir sıra tarixi abidələri, sənət əsərləri, musiqisi mövcuddur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri də zənginləşmişdir. Mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində böyük işlər görülüb və hazırda bu sahədə görülən tədbirlər davam etdirilir. Artıq uzun illərdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği ölkəmizin səsini dünyaya yayır.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olmuşdur. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili Qanunları əsasında inkişaf edirsə də onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır”.
Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır.
Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Belə ki, təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir indiki Şuşa şəhərinin yerləşdiyi yerdə - düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları - istehkam tikdirmək qərarına gəlmişdir. Əvvəllər Qarabağ xanının adına uyğun olaraq “Pənahabad” adlandırılan Şuşanın strateji baxımdan əlverişli yerdə yerləşməsi onu düşmən üçün sərt etmiş, şəhərin inkişafına və milli-mədəni abidələrin tikilməsinə zəmin yaratmışdır. Bu gün Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna yüzlərlə tarixi abidəmiz daxildir. Lakin əfsuslar olsun ki, onların bir çoxu erməni vandalizminin qurbanına çevrilmişdir.
Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali baş komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərin həsrətinə son qoyulur. Beləliklə, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edilmişdir. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür. Dövlətimizin başçısı bildirmişdir ki: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.
Azərbaycan bu gün inkişaf dövründədir. Ölkəmizin bütün sahələr üzrə dünyada yüksək mövqeyə gəlib çıxması və tanınması, qəbul edilməsi heç də təsadüfi deyil. Bütün bunların arxasında düzgün və düşünülmüş dövlət siyasəti dayanır. Eyni zamanda, Azərbaycanın dünyada məqsədyönlü, planlı bir şəkildə tanıdılması və mövqelərinin daha da gücləndirilməsi yönündə həm xarici, həm də daxili siyasətin rolu var. Azərbaycanda mədəniyyət siyasətinin və xarici siyasətin sıx tandeminin mövcudluğundan tam əminliklə danışa bilərik. Ölkənin suveren inkişafında əvəzolunmaz rol oynayan bu iki mühüm sahənin vəhdət və razılaşdırılmış fəaliyyəti nəticəsində Azərbaycanın dünyada lazımi imicinin formalaşması, üzv olduğumuz beynəlxalq təşkilatlarda mövqelərimizin əsaslı şəkildə gücləndirilməsi, xalqımıza məxsus olan mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsi hallarının, habelə informasiya müharibəsi çərçivəsində aparılan antiazərbaycan kampaniyalarının qarşısının alınması və digər bu kimi mühüm siyasi məqsədlərin effektiv reallaşdırılması təmin olunmuşdur. Bütün bu işlər Azərbaycan mədəniyyətinin inkişafına, onun milli çərçivədən çıxaraq dünya miqyasında yayılmasına, dünya mədəniyyəti nümunələrinə çevrilməsinə və bəşəri mahiyyət kəsb etməsinə xidmət edir.

Keçidlər