Rayon haqqında
Respublikamızın paytaxtı Bakı şəhərinin mərkəzi və ən qədim rayonu olan Səbail rayonu Xəzər sahili boyunca yerləşir. Səbail rayonu Nəsimi, Yasamal və Qaradağ rayonları ilə həmsərhəddir.
Ərazisi – 29 kv.km
Əhalisi – 100,6 min nəfər (01 aprel 2016-cü il)
Rayonda 9.709 nəfər məcburi köçkün məskunlaşmışdır.
Rayonda 2 qəsəbə (Badamdar və Bibiheybət), 2 sahə inzibati ərazi dairəsi (1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi) və 3 bələdiyyə (Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri) mövcuddur.
Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə «Bayıl- Bibi-Heybət», 1931-ci ildən «Stalin», 1960-cı ildən isə «26 Bakı Komissarları» adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.
Azərbaycan Respublikasının əsas idarəetmə orqanları – Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, o cümlədən əsas güc nazirlikləri – Daxili İşlər, Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri, Dövlət Komitələri, ölkədə fəaliyyət göstərən 13 xarici dövlətin səfirlikləri, bir sıra beynəlxalq təşkilatlar və şirkətlərin ofisləri də məhz Səbail rayonunun ərazsində yerləşir.
Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan «Şəhidlər Xiyabanı» və «Fəxri Xiyaban», Heydər Əliyev Fondu, UNESKO-nun «Dünya İrs siyahısı»na salınmış İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu, unikal mədəniyyət incisi olan Muğam Mərkəzi və «Üns» yaradıcılıq mərkəzi, Dövlət Bayrağı Meydanı habelə bir sıra istirahət və gəzinti obyektləri, o cümlədən «Fəvvarələr Meydanı», Nizami küçəsi və küçənin əhali arasında «Torqovaya» adlandırılan hissəsi, Dənizkənarı Milli Bulvar, «Azadlıq meydanı», Bakı Funikulyoru rayonunun ərazisindədir.
Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil müəssisəsi, 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 22 səhiyyə müəssisəsi, 2 idman kompleksi, 47 mehmanxana fəaliyyət göstərir.
Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi Səbail rayonunda fəaliyyət göstərir.
Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə ucaldılmış heykəl və büstlər, 3 park və 12 istirahət bağı vardır.
Rayon ərazisində 1979 müəssisə qeydiyyata alınmışdır ki, onların hazırda 1108-i fəaliyyət göstərir. Onların 54-ü dövlət, 1054-ü isə qeyri-dövlət müəssisələridir.
Bu gün Səbail rayonunda 4 məscid, 1 ibadət yeri fəaliyyət göstərir.