Şriftin ölçüsü :

Saytın rəngi :

İH Başçısının müavinləri

Şixəmmədov Vüqar Nurməmməd oğlu  - 09 fevral 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə 66 saylı orta məktəbi, 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2011-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Turizm İnstitutunun mühəndis iqtisadiyyatı və idarəetmə, menecment fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 15 yanvar 2004-cü ildə “İmproteks Travel” şirkətinin Daxili turizm şöbəsində təlimatçı olaraq başlamışdır. 2004-2005-ci illərdə AGİ Nizami rayon Komitəsində təlimatçı, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat və İnformasiya sektorunda məsləhətçi, 2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində daxili turizmin inkişafı sektorunda aparıcı məsləhətçi və böyük məsləhətçi, 2006-2011-ci illərdə baş məsləhətçi, 2011-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri, 2015-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2018-ci ildə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2014-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Həmkarlar Komitəsinin sədr müavini, 2018-ci ilin sentyabr-dekabr ayları ərzində komitənin sədri kimi fəaliyyət göstərmişdir. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2018-ci il tarixli əmri ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, RİH Başçısının 1 iyun 2021-ci il tarixli əmri ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli sərəncamı ilə “Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu”nun təşkilində səmərəli fəaliyyətə görə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var. 

Ağayev Eldar İliç oğlu  - 12 noyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə 189 saylı orta məktəbi, 1986-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Nəqliyyat Ekspedisiya bazasında fəhlə kimi başlamışdır. 1978-1980-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1977-1978-ci illərdə Mərkəzi Univermağın huquq şöbəsində inspektor, 1980-1981-ci illərdə Bakı şəhər, xətai rayonu Mühafizə şöbəsi və Əlvan Metalların hazırlanması zavodunda nəzarətçi, 1981-1994-ciü illərdə Daxili İşlər Nazirliyində pasport, istintaq şöbələrində qeydiyyatçı və müstəntiq, 1994-1996-cı illərdə «Səma» Kiçik səhmdar Cəmiyyətində direktor müavini, 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Olimpia Mərkəzinin direktor müavini, Beynəlxalq Turizm Mərkəzinin direktor müavini, İdman kompleksinin direktoru, 2005-2012-ci illərdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini və Birinci müavini vəzifələrində çalışmışdır. Qarabağ müharibəsi veteranıdır. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 30 may 2012-ci il tarixli, 23 nömrəli əmri ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə  təltif edilmişdir.
Ailəlidir, iki övladı var.
 
Həşimova Kəmalə Ləzgi qızı - 04.03.1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə 129 nömrəli orta məktəbi, 1997-ci ildə Bakı Məktəbəqədər Pedoqoji Texnikumunu bitirmiş, 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bakalavr, 2016-cı ildə Naxçıvan Dövlət Universitetini musiqişünaslıq və musiqi tənqidi ixtisası üzrə magistr pilləsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1998-ci ildə Bakı şəhəri Xətai rayonu 249 nömrəli tam orta məktəbdə musiqi müəllimi kimi başlamış, 1998-2018-ci illər ərzində pedoqoji fəaliyyəti dövründə Bakı şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində kurikulum şöbəsinin metodisti kimi, Azərbaycan Respublikası Təhsil İnstitutunda  musiqi fənni üzrə ümumtəhsil pilləsinin Dövlət standartlarının İşçi Qrupunun koordinatoru, Müəllimlərin İşə Qəbulu komissiyasının üzvü, Dövlət İmtahan Mərkəzinin Qabiliyyət İmtahanları üzrə eksperti, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun mentoru kimi fəaliyyət göstərmişdir. 2012-2020-ci illər ərzində Təhsil Nazirliyində “Dərsliklərin nəşriyyatı və qiymətləndirilməsi” şöbəsində Ekspert Şurasının üzvü olmuşdur. 2018-2019-cu illərdə 4 nömrəli uşaq incəsənət məktəbində direktor vəzifəsində işləmişdir. 2019-2020-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin, 2020-2021-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, RİH Başçısının 1 iyun 2021-ci il tarixli əmri ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilmişdir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2012-2013-cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi seçilmişdir. 2018-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II Qrant müsabiqəsinin qalibidir.
Ailəlidir, iki övladı var.
Keçidlər