Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qəhrəmanlar

Əhmədov Riad Fikrət oğlu - 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşmüşdür. Riad Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Səbail rayonu, 203 nömrəli tam orta məktəb onun adını daşıyır.                                        

Nəsrəddinov Rafiq Hüseyn oğlu - 18 mart 1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur və Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır. Təcrübəli döyüşçü olması cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank bölüyünün rəisi vəzifəsinə təyin edilir. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində oldu. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, orada büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

Məmmədov Seymur Qəhrəman oğlu - 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir. Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Səbail rayonu, Badamdar qəsəbəsində milli qəhrəmanımızın adına küçə var. 2019-cu ildə "Salnaməfilm" studiyasında haqqında "Qartal yuvası" sənədli filmi çəkilmişdir.

Keçidlər