Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

 Səbail – Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2-2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234/35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.
Xalq arasında «Sualtı şəhər», «Bayıl daşları», «Şəhri-i Yunan», «Karvansara», «Bayıl qəsri» və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur.
Səbail rayonunu, mübaliğə etmədən, tarix və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayonun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. İçərişəhər Azərbaycanda mövcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş tarixi abidələrindən ən möhtəşəmidir. İçərişəhərin min ildən çox yaşı var. Onun başlıca abidəsi – dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi-memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır.
Qədim əsrlərin yadigarı, bünövrəsində divarlarının qalınlığı 5 metr, hündürlüyü 28 metr olan səkkiz yaruslu monumental tikili – «Qız Qalası» Səbail rayonunun rəmzidir.
Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə «Bayıl- Bibi-Heybət», 1931-ci ildən «Stalin», 1960-cı ildən isə «26 Bakı Komissarları» adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.
Bakı şəhərinin sürətlə artan və inkişaf edən yaşayış məntəqələrindən biri Badamdar və qədim tarixi olan Bibiheybət qəsəbələri Səbail rayonunun inzibati ərazisindədir. Rayonda 3 bələdiyyə - Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri fəaliyyət göstərir.

 SƏBA ŞƏHƏRİ HAQQINDA MÜLAHİZƏLƏR

“Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın”.
A. Bakıxanov
Azərbaycanın XIX əsr tarixçisi,
Ictimai-siyasi xadimi

Tarixi abidələr xalqın keçmişini, onun tərəqqi və tə¬nəz¬zül çağlarını parlaq əks etdirir, qüdrətinə ehtiram ilə baş əydiyimiz sə¬nətin sirlərindən söhbət açır. Bu abidələrdə ötüb keçən əsrlərin sənətkarlığı və incəsənəti həkk olunaraq bizim zamana qədər gəlib çatmışdır.
Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli yerdə bir ada var. Bayıl yaşayış sahəsinin yaxınlığındakı bu adada vaxtilə inşa olunmuş bir abidəni həmin yerin adına müvafiq olaraq “Bayıl qəsri” adlandırmışlar. 1306-cı ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tikinti dağılmış və bir neçə əsr suyun altında qalmışdır. Ada, Xəzər dənizinin geri çəkilməsi nəticəsində, yalnız XVIII əsrin əvvəllərində suyun altından üzə çıxmışdır.
Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim və səyyahların, tədqiqatçı və arxeoloqların diqqətini özünə cəlb etmişdir. Təxminən yeddi əsr bundan əvvələ aid edilən bu abidə Azərbaycanın qədim mədəniyyətə malik ölkə olduğunu bir daha sübut edir.
XIX əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alim, şərqşünas və səyyahları İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və başqaları Bayıl qəsri haqqında ehtimal xarakterli məlumat vermişlər.
Tədqiqatçı alimlər onu “Səbayıl qalası”, “Bayıl qəsri”, “Bəndərqala”, “Yeraltı şəhər”, “Karvansara”, “Xanəgah”, “Monastr”, “Gömrükxana”, “Müdafiə qalası” və s. adlandırmış, qəsrin nə məqsədlə tikilməsi, tarixi rolu və fəlakətə uğramasının səbəbi haqqında elmi fikirlər, ehtimallar söyləmişlər.
Təxminən iki yüz əlli il bundan əvvəl suyun altından görünən tikinti haqqında dəqiq elmi fikir söyləmək qeyri-mümkün idi. Uzunluğu 40 metr, eni 180 metr olan bu tikinti aralarındakı məsafə 16 m-dən 28 m-ə qədər olan 15 yarımdairə qalalar vasitəsilə divara birləşdirilmişdir. Dörd küncdəki qalanın biri – şimaldakı monolit olub, qalanları kiçik kamera ilə bir-birinə bağlanmışdır. Divarın qalınlığı 1,2 m-dən 1,5 m-ə qədərdir. Divar ayrı-ayrı daş tavalarda düzəldilmiş frizli yazılarla (hündürlüyü 70 cm, eni 25-50 cm, qalınlığı 12-15 cm) əhatə olunmuşdur.
Abidənin ətrafında XX əsrin ortalarında geniş arxeoloji qazıntı işləri aparıldı. 1939-cu ildən 1969-cu ilə kimi Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun təşkil etdiyi arxeoloji ekspedisiya professor E.Paxomovun, arxeoloqlar İ.Cəfərzadə və Ö.İsmizadənin rəhbərliyi ilə müxtəlif vaxtlarda 699 ədəd yazılı daş tavalar əldə etdi. Bu daşlar hal-hazırda İçəri Şəhərdə - Şirvanşahlar sarayının həyətində saxlanılır. Daşların üzəri ərəb və fars yazıları ilə yanaşı, zəncirvari ornament, insan, heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə frizlənmiş və bəzədilmişdir. Bu daş tavaların üzərindəki təsvirlərdən görünür ki, onları hazırlamış sənətkarlar yüksək zövqə və incə müşahidəçilik qabiliyyətinə malik olmuşlar.
Bayıl daşları. Şirvanşahlar dövründəki mədəniyyətimizi öyrənmək cəhətdən dəyərli sənət əsəridir. Lakin bu daş abidələrə zaman öz təsirini göstərə bilmişdir. Dənizdən çıxarılmış daşların 30%-ə qədəri əsrlər boyu ləpənin təsirindən ziyan çəkmiş, onların üzərindəki yazı və təsvirlər pozulmuşdur. Bundan əlavə daşların hamısı əldə edilməmişdir.
Daşların üzərində uzun müddət axtarışlar aparmış qocaman arxeoloq İ.Cəfərzadə usta Zeynəddin Əburəşid oğlunun adını, professor E.Paxomov 630-632-ci il hicri tarixini, Məhəmməd, Yezid, Fəribürz, Gərşəsb kimi Şirvanşahların adlarını, Bakı, Şamaxı şəhər adlarını, sultan, şah titullarını oxumuşlar. Ə.V.Salamzadənin mülahizəsinə görə Bayıl qəsri Şirvanşahlara məxsus olmuşdur.
1965-ci ildə Şirvanşahlar sarayı kompleksi dövlət tarixi memarlıq qoruğu muzeyində yazılı daşların səliqəyə salınıb oxunması üçün xüsusi laboratoriya təşkil edilmişdir. Həmin laboratoriyada oxunmuş daşlar da bu fikri əsaslandırır.
Oxunmuş daşların üzərindəki yazılar IX-XIV əsr Şirvan və Şirvanşahların tarixi, o dövrün görkəmli şəxsiyyətləri, abidənin inşasında iştirak etmiş Zeynəddin bin Əburəşid, Əburəşid bin Zeynəddin kimi sənətkarlar sülaləsi və s. haqqında ilk dəfə maraqlı məlumatlar verir. Yazılar eyni zamanda abidənin tikilmə tarixini də dəqiqləşdirir.
Tədqiq edilmiş kitabələrə əsasən müəyyən edilmişdir ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə tikilmişdir.
Frizli yazıların içərisində “Bayıl qəsri”nin memarı Əbdül-Məcid Məsud oğlunun adı bərpa edilə bilən yazı fraqmenti tapılmışdır. Bu memar eyni vaxtda, yəni 1232-ci ildə Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikmişdir.
Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılmış daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilmişdir.
Yazılı daşlar içərisində gürcülərə aid kitabələrə və gürcü qadın başı təsvirinə rast gəlirik. Bu da təsadüfi deyildir. O vaxt gürcülərlə azərbaycanlılar arasında nəinki dostluq, hətta qohumluq əlaqəsi olmuşdur.
Daşların üzərindəki təsvirlər üzvi surətdə əlaqədar olub onları tamamlayır. Ola bilsin ki, müxtəlif tərzdə təsvir edilmiş realist təsvirlər illəri təmsil edirmiş. Canlı təsvirlər içərisində üzərində anfas işlənmiş öküz başı daha maraqlıdır. Eyni təsvirə Qala divarının Şərq darvazası üzərində və Qız qalası ətrafında tapılmış daşda da təsadüf edilir. Üç müxtəlif yerdə öküz təsviri Azərbaycan xalqının qüvvət və şücaəti, onların yadelli işğalçılara qarşı qəhrəmanlıqla mübarizə etməsinin rəmzidir.
Bəzi canlı təsvirlərin ayrı-ayrı fraqmentləri natural həcmində at və şir barelyeflərinin olmasını göstərir. Üzlərində insan başının anfas təsviri və Fəribürzün adı olan daş da maraqlıdır. Bu, qəsr tikilən vaxt hökmranlıq etmiş şahın öz barelyefidir.
Yazılı daşlarla yanaşı, qəsrin içərisində XIII əsrə aid edilən şirsiz saxsı və məişət əşyaları, üzərində Şirvanşah Fəribürz bin Gərşəsb və Xassif Ən-Nasirin (1180-1225) adları yazılmış mis pul tapılmışdır.
Bayıl daşları Azərbaycan xalqının keçmişini, gözəl mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir mənbədir. Gələcəkdə daşların üzərindəki yazıların tədqiqi nəinki Bayıl qəsrinin sirrini tamamilə açmağa, eləcə də az öyrənilmiş Bakı tarixini işıqlandırmağa imkan verəcəkdir.
Səba əhli və Səba yurdu haqqında xalq etimalogiyası dilində bir çox əfsanələr vardır. Bu əfsanələrə istinadən ehtimal etmək olar ki, Bakı yaxınlıgında Səba adlı gözəl bir məmləkət varmış.
Səba, Səba əhli və Səba yurdu haqqında Qur’ani-Kərimin “Nəml” (Qarışqalar) və “Səbə” (Səba) surələrində məlumat verilir. Səba əhlinin günəşə sitayiş etdiyi, hökmdarlarının isə Bəlqis (Bilqeys) adlı zəka sahibi olan qadın olduğu bildirilir. Süleyman peyğəmbər Allahdan başqasına (günəşə, aya) ibadət etməyi ona qadağan edir.
“Səba” surəsində isə Səba yurdunun sağdan və soldan dağla əhatə olunmuş iki gözəl bağçaya malik diyar olduğu, daha sonralar isə itaətdən üz döndərdikləri üçün ora Ərim seli göndərilərək yurdlarını su basdığı və onların pərən-pərən salınıb dillərdə dastan edildiyi bildirilir.
Səba hökmdarı Günəşə sitayiş edən bir xalqın icində yaşamağına baxmayaraq Hz.Süleymanın səmimi üslubla yazdığı məktubundan, məntiqli davranışından, güçlü hakimiyyətindən və ehtişamlı sarayından cox təsirlənmiş və bütün bunlar onun iman gətirib müsəlman olmasına səbəb olmuşdur,
Quranda bildirilən Səba hökmdarı haqqındakı bütün bu məlumatlara hikmət gözü ilə baxanlar ücün coxlu ibrət və hikmət var. Səba hökmdarının məntiqli davranışı düzgün olanı daha asanlıqla başa düşməsini və səmimi hərəkət etməsini təmin etmişdir. Bundan başqa, haqqı görəndə əvvəlçə cox fərqli bir inama sahib olmasına baxmayaraq, hec tərəddüd etmədən Allaha təslim olub iman gətirməsi nümunə götürülməli olan bir davranışdır.
Ərəbistan yarımadasında, eləcə də yaxın coğrafi ərazidə “Səba” toponiminin işlədildiyi etimaloji yaşayış sahəsi yalnız Bakıdakı “Səbail” rayony və tarixi “Səbail Qalası” –dır. Buna və Quranda bildirilən “Səba Şəhəri”,”Səba hökmdarı” haqqındakı məlumatlara istinadən ehtimal etmək olar ki, qədim dövrlərdə Xəzər dənizinin sahilində, Bakı yaxınlığında “Səba” adlı şəhər olubmuş.
Bayıl Qəsri və Bayıl daşları Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini öyrənmək baxımından dəyərli mənbədir. Bu unikal abidə və fizlənmiş sənət əsərlərini yaşatmaq, təbliğ etməklə ulu keçmişimiz haqda gözəl xatirələr əldə edə bilərik. Yaxın gələcəkdə bu abidə ətrafında aparılacaq arxeoloji qazıntılar, habelə bibloqrafik tədqiqatlar Səbail Qalasının, habelə Səba şəhərinin sirlərinin açılmasına, eləcə də Bakının qədim tarixinin işıqlandırılmasına imkan verəcəkdir.

 


Tarix elmləri doktoru Kamil İbrahimov

İçəri şəhər

İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzidir.

Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir.
İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir.
İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.
Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır.
İçəri Şəhər tarixən ümumi əlamətlərlə birləşən bu məhəllələrdən ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı. XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar etmişlər.
İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.
İçəri Şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir. Məhəllədə məhsulları oradakı sərgi salonunda nümayiş etdirilən xalça sexi də yerləşir.


Bakının qədim yaşayış məskənləri

Tarixi mənbələr göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və tarixi yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir. Bakının kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində neft və duz kimi təbii sərvətlər böyük rol oynamışlar.
IV-VIII əsrlərdə təbii sərvətləri və iqtisadi durumunu qorumaq üçün Azərbaycanın ərazisində bir sıra müdafiə xarakterli istehkamlar və qala divarları ucaldılmışdır. Həmin dövrdə Azərbaycanda formalaşmış tarixi və iqtisadi mühit ölkə mədəniyyətinin bir çox sahələrinin inkişafına təkan verir.
Bakı qədim zamanlardan həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə əhalinin sıx məskunlaşdığı və inkişaf etdiyi şəhərlərdən biri kimi tanınmışdır. Təbii-coğrafi şəraiti, təbii sərvətlərin bolluğu, buradan keçən beynəlxalq əhəmiyyətli ticarət yolları bu şəhərin iqtisadi cəhətdən inkişafına kömək etmişdir. Mülayim iqlimi, məhsuldar torpağı, bol su mənbəyi burada əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsas zəmin olmuşdur.
Eramızın əvvəllərində yunan-roma astronomu və coğrafiyaşünası Klavdi Ptolemey "Coğrafiya" kitabında Albaniyanın ərazisindəki 28 şəhərin adını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir.
Bakının müqəddəs odlar diyarı kimi tanınması onun həyatında mühüm rol oynamışdır. Ərəb istilasına qədər Azərbaycanın müxtəlif vilayətlərində atəşpərəstlik, bütpərəstlik və xristianlıq yayılmış və onların dini ibadət yerləri mövcud olmuşdur. Atəşpərəstliyin əsas ocaqlarından biri də qədim Bakı idi. Mənbələrdə 624-cü ildə Bizans imperatoru İraklinin (610-641) Bakıya gəlməsi və bir çox abidələri dağıtması haqqında məlumat da vardır.
Dini versiyalardan birinə görə İçəri Şəhərdə pravoslav xristanları arasında İsa peyğəmbərin on iki həvarisindən biri Varfolomeyin həlak olduğu iddia edilir .


Bakı tarixində İçəri Şəhər dövrü


Qədimdə üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı.
İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə, bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki, bu dalanlarda atların geriyə dönməsi və idarə olunması mümkün deyildi.
İçəri Şəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilmişdir. XV əsrdə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yaraşıq və əzəmət vermişdir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir. XIX əsrin ortalarında Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanması İçərişəhərin simasına öz təsirini göstərmişdir.
İçəri Şəhərdə ticarət meydanları, küçələr və böyük məhəllələr meydana gəlmişdi. O, sözün əsl mənasında daxili məhəlli strukturlara malik olub hər şeydən əvvəl iqtisadi mərkəz kimi formalaşmışdı. Yəni onun özünüidarəsi daxili və ətraf yaşayış məntəqələrinin sakinlərinin məişət və təsərrüfat həyatında aparıcı rol oynayır, yaxın və uzaq yerlərlə sıx iqtisadi-mədəni əlaqədə saxlayırdı.


İçəri Şəhərdə arxeoloji tapıntılar

İçəri Şəhərdə, Şirvanşahlar sarayı ərazisində və onun ətrafında aparılan arxeoloji qazıntılar zamanı VIII əsrə aid çox sayda keramika qırıntıları, bir sıra məişət əşyaları, xeyli təndir, sənətkarlıq məmulatı, VII-VIII əsrlərə aid edilən orta əsr feodal şəhərinin əhalisi sıx olan məhəlləsinin tikililərinin və evlərinin qalıqları aşkara çıxarılmışdır.
Qədim qala ərazisindən VIII-IX və sonrakı əsrlərə aid sikkələr tapılmışdır. Bakı bölgəsində tapılmış V-VII əsrlərə aid Sasani sikkələrindən ibarət iki böyük dəfinəni də qeyd etmək lazımdır. Həmin sikkələrin Bakı ərazisində üzə çıxması erkən orta əsrlərdə burada Azərbaycanın bir sıra şəhərləri ilə və başqa ölkələrlə daxili və xarici ticarətin inkişaf etdiyini göstərir.
İçəri Şəhərdə aparılan qazıntılar zamanı 6 metr dərinlikdə divar hissələri və tikililərin qalıqları, evlərin bünövrələri, təpənin zirvəsindən dənizin sahilinədək bir sahəni tutan orta əsr Azərbaycan şəhərinə məxsus təndiri və su quyusu olan həyətlər aşkara çıxarılmışdır. Bu tikililərin daha erkən dövrə aid olduğu ehtimal olunur. İçəri Şəhərdə aparılan qazıntılar burada feodalizmə qədərki şəhər, yaxud yaşayış məskəni aşkara çıxarmamışdır. Güman edilir ki, qədim Bakı bir sıra əfsanələrdə işarə vurulduğu kimi, Qız qalasının yaxınlığında, su altında qalmış buxtanın yerində yaxud Bibiheybət və ya Şıx kəndi rayonunda olmuşdur.
Arxeoloji qazıntılar nəticəsində İçəri Şəhər ərazisində orta əsr şəhərinə məxsus, əhalisi sıx olan məhəllələr aşkar edilmişdir. Bu, Bakı şəhərinin VIII-XI əsrlərdə və sonralar mövcud olmasına dair mənbələrin verdiyi məlumatı təsdiq edir. Şəhər olduqca böyük bir ərazini tutaraq, dənizə qədər uzanırdı.
Şirvanşahlar sarayı ərazisində aparılan arxeoloji işlər zamanı yaşayış binalarının qalıqları, təndirlər, su quyuları, taxıl və zibil quyuları, çoxlu miqdarda şirli saxsı qab qırıntıları, sikkələr və digər maddi mədəniyyət və məişət qalıqları meydana çıxarılmışdır. İçərişəhərin şimal tərəfində, uçurulmuş evin yerində, 80 kvadrat metr sahədə, XII-XIII əsrlərə aid divarların altında, 5,5-6 metr dərinlikdə Bakı yüksəkliyinin qayaları üzərində ev divarları, təndirlər, ocaqlar aşkar edilmişdir. Qayada üç təsərrüfat quyusu oyulmuşdur.
VIII-X əsrlərə aid bu təbəqədə adi və şirli keramika tapılmışdır. Şirvanşahlar sarayının şərq tərəfində 16x8 m sahədə aparılan qazıntılar torpaqaltı təbəqəyə qədər (təqribən 6 metr dərinlikdə) çatdırılmışdır. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və təsərrüfat quyuları, təndirlər üzə çıxarılmışdır.
Çoxlu miqdarda adi və şirli qablar və onların qırıntıları tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə, qabarıq möhürlər vurulmuşdur. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu daş kirkirə aşkara çıxarılmışdır. Şirvanşah adından zərb edilmiş mis sikkələr, mis və dəmir əşyalar, şüşə və fayans məmulatları və i.a. tapılmışdır.
1978 – ci ildə İçəri Şəhər qoruq elan edildikdən sonra, onun qorunması, bərpası, abadlaşdırılması məsələlərinə o vaxtkı respublika rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilməyə başlandı. 1964 – cü ildə İçəri Şəhərdə aparılan bərpa işləri zamanı Asəf Zeynallı küçəsində qədim binanın qalıqları aşkarlandı. Həmin qalıqlarda aparılan arxeoloji təmizləmə nəticəsində torpaq altında nadir memarlıq abidəsi olan köhnə meydan sahəsində bazar eyvanı sıra tağları aşkar edildi. O dövrdən başlayaraq AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun hazırladığı elmi-tədqiqat materialları əsasında A. Zeynallı küçəsindəki abidənin bərpası aparılmışdır.


Kompleksin qorunmasında dövlətin rolu

1952-1957-ci illərdə İçəri Şəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçəri şəhərə tarix-memarlıq qoruğu statusu verilmiş, 1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.
17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncamdan sonra burada tikinti işləri dayandırıldı və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.
10 fevral 2005-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı. 17 dekabr 2009-cu ildə ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" prezident sərəncamına əsasən, İçəri Şəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.
İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçəri Şəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.
İçəri Şəhərdəki Məhəmməd məscidi (memar-Məhəmməd ibn Əbubəkr) Almaniyanın Remmers və Avstriyanın Atelier Erich Pummer GmbH şirkətlərinin mütəxəssisləri tərəfindən bərpa edilir.
2011-ci ilin fevral ayında İçəri Şəhərdəki Asəf Zeynallı küçəsindəki 20 saylı bina təmir edilmiş, onun bünövrələri bərkidilmiş, yeni texnologiyaların köməyi ilə binanın fasadına tarixi görünüşü bərpa edilmişdir. Bina 1890-cı ildə inşa edilmişdi. Bərpa işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin " Bakı şəhərinin mərkəzinin konservasiyasına dair müfəssəl plan"a əsasən yerinə yetirilmişdir.


İçəri Şəhər kompleksi mədəniyyətdə

İçəri Şəhər kompleksinin fraqmentlərinə digər mədəniyyət və incəsənət nümunələrində daima rast gəlinir. Kompleksin cizgilərindən xalçalarda, rəsm və incəsənət əsərlərində geniş istifadə edilir. Kompleks beynəlxalq aləmdə Azərbaycanın tanınma nişanlarından birinə çevrilmişdir.
İçəri Şəhərin təsvirləri tarix boyu ərazidə mövcud olmuş dövlətlərin sikkələrində daim təsvir olunmuşdur. Kompleksə daxil olan Qız qalası 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk kağız pullarının üzərində öz əksini tapmışdır.
İçəri Şəhərin sxematik təsviri Azərbaycan Respublikasında 2005-ci il pul islahatından sonra yeni 10 manatlıq əskinasda təsvir edilmişdir.

 

 Səbail rayonu ərazisində yerləşən Dunya əhəmiyyətli abidələr

QIZ QALASI

Bakı Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik formada tikilmişdir. Dəniz tərəfdən uzunsov bir dayaq (kontrfors) ona əlavə edilmişdir. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diametri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı (eni) 5 metrə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşla hörülmüş həmin tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbə tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 metr hündürlükdə və 1,10 metr enində olan tağlı qapı yeridir. Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə orta hesabla 2,5 metrdir. Mərtəbələr arası əlaqə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saxlanır. Maraqlı burasıdır ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında əlaqə yaratmaq yalnız tavanda olan dairəvi deşikdən nərdivan və ya ip vasitəsilə mümkündur. Qeyd olunmalıdır ki, Qalanın qapısı da keçmişdə bir neçə qatdan ibarət olmuşdur. Uzunluğu Qala divarının eni qədər olan (5 metr) qapı yerinin tağlı tavanında qalmış tikinti qalıqları bunu sübut edir. Bundan əlavə qapının ağzında keçmişdə bir neçə quyu da olmuşdur. Beləliklə, Bakı Qız Qalasına orta əsrlədrə daxil olmaq istəyən hər kəs həmin quyuların yanından ehtiyatla keçərək, nərdivan vasitəsilə qapıya qalxmalı, giriş yolu üzərində olan qapılardan keçməli və nəhayət birinci mərtəbəyə çatmali idi. Ortadakı deşikdən yuxarı mərtəbələrə qalxmaq üçün ip və ya nərdivandan istifadə olunurdu.
Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilmişdir. Bunlar Qalanın içərisinə təmiz hava daxil olmaq işinə də xidmət etmişdir. 1962-63-cü illərdə Qalanın birinci mərtəbəsinin döşəməsində arxeoloji qazıntı işləri aparılmışdır. 5 metr dərinliyə qədər davam etdirilən həmin qazıntı nəticəsində məlum olmuşdur ki, abidənin bünövrəsi dəniz tərəfə enişli olan nəhəng bir qayanın üzərində tikilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, abidəyə dəniz tərəfdən bitişik olan kontrfors həmin enişin qarşısında Qalaya əsas dayaq rolunu oynamışdır.
1964-cü ildə Qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 metr hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən olmuşdur. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amartizasiya rolunu oynamışdır. Bu fikri yalnız hər iki tərəfdən veriləcək elektromaqnit dalğaları vasitəsilə aydınlaşdırmaq olar.
Dəqiq hesablama əsasında müəyyən edilmişdir ki, Qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 mertdir. Bu da göstərir ki, abidənin yuxarı hissəsilə aşağı hissəsi bəzi müəlliflərin dedikləri kimi ayrı-ayrı vaxtlarda deyil, eyni vaxtda tikilmişdir. Çünki 5 metr eni olan divar Qalanın 12 metr hündürlükdə olan aşağı hissəsi üçün deyil, hər iki hissənin möhkəm bünövrə əsasında dayanmasına xidmət etmişdir. Qız Qalasının zəmanəmizə qədər salamat qalmasının sirri də məhz onun belə bir möhkəm bünövrə üzərində tikilməsindədir.
Bakı Qız Qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də Qalanın içərisində qayadan ovulub düzəldilmiş su quyusudur. Diametri 0,7 m. olan bu quyu Qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyu səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 metr davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu Qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib qalxmaq üçün 10-12 sm. dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 metr dərinliyində divar genişlənir.
Qız Qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçərişəhərin şərq tərəfində aparılan geniş miqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş “Multan”ı karvansarayının altından keçərək Qız Qalasına doğru gedir. Qız Qalasının tikilməsi dövrünü müəyyənləşdirmək üçün etibarlı sənədlərdən biri də onun divarının çöl tərəfində, qala qapısının üstündə, 14 metr hündürlükdə yerləşdirilmiş 0,4x0,6 metr ölçüdə yazılı daşdır. Bu daşın üzərində «Qübbə – Məsud ibn Davud» sözləri yazılmışdır. Bəzi alimlərin fikrincə Məsud ibn Davud Qalanı tikən memarın adıdır. Onlar bu fikri Mərdəkan qalasındakı dairəvi formalı bürcdə olan yazı ilə əsaslandırırlar. Mərdəkan bürcü üzərində «memar Əbd-Əl-Məcid ibn Məsud» sözləri yazılmışdır. Həmin tədqiqatçılar belə hesab edirlər ki, memar Əbd-Əl-Məcid Qız qalasını inşa edən memar Məsudun oğludur. Qız qalası kitabəsinin çox səliqəsiz surətdə sonradan divara nəsb edilməsi (yerləşdirilməsi) də müəyyən edilmişdir. O, qala divarının daş kəmərlərlə əhatə olunan hissəsinə çox kobud bir şəkildə yapışdırılmışdır. Digər tədqiqatçıların ehtimalına görə, həmin kitabə Qala tikildikdən sonra oraya vurulmuşdur. Davudun oğlu Məsudun kim olduğuna gəldikdə isə, orta əsr mənbələrindən məlum olur ki, o, Səlcuq Sultanı Mahmudun nəvəsidir. Sultan Mahmud isə XII əsrin əvvəllərində Azərbaycanın hökmdarı olmuşdur. Ola bilsin ki, bu dövrdə onun nəvəsi Məsud Şimali Azərbaycanda hökmranlıq etmiş və öz adını əbədiləşdirmək üçün həmin kitabəni qala divarına vurdurmuşdur.
Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt daxması, atəşpərəstlik məbədi, Mitra və Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız Qalası e. ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsirilə Xəzər dənizi (Kaspi) sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri “Atəşi Baquan”da tikilə bilərdi. Bir çox alimlərin fikirlərinə görə, Oız Qalasının Çıraq Qala müdafiə Qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdafiə sisteminə aid olduğunu da söyləmək olar. Qız Qalasının Şimal-Şərqi Albaniyanın müdafiə Qalalarındaki memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V-VI əsrlərinə aid etmək olar. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı, Sasani İranının təsiri altında idi. Ehtimal etmək olar ki, Qız Qalası Sasani İmperiyasının, şimaldaki mərzbanlığında (işğal edilmiş əyalətlərində), məhz Albaniya ərazisində tikdirdikləri müdafiə sisteminə daxil idi. Əsrlər boyu müxtəlif döyüşlərdə zərər görmüş Qız Qalası tədricən bərpa edilərək orta əsrlərdə, Bakı Qala divarı ilə bərabər şəhərin müdafiə işinə xidmət etmişdir. Bunu abidənin tikinti quruluşundakı dəyişikliklər də sübut edir. Qala elə bir formadadır ki, şəhər düşmən tərəfindən fəth edildikdə dövrün hökmdarı və ya ona yaxın olan adamlar Qalanın qapılarını bağlayaraq uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar müdafiə əhəmiyyətli Qalalar üçün xarakterik olduğuna görə hər hansı məbəd, gözətçi qülləsi və ya rəsədxana üçün belə müdafiə tədbirlərinin tətbiqi zərurət təşkil edə bilməz. Əlbəttə abidədən öz dövrünə görə məqsədyönlü istifadə edilməsi təkzib edilmir. Qız Qalasının Abşerondakı müdafiə tipli möhtəşəm Qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran Qalaları) bənzərliyini qeyd etmək olar.
Qalanın cənub-qərb tərəfdəki divarı daxilində ikinci mərtəbədən başlayaraq yeddinci mərtəbəyə qədər daşdan səliqə ilə hörülmüş, quyu formasında şırım (oyuq) vardır. Hər mərtəbədə həmin şırım olan yerdə yarımdairə şəklində taxça açılmışdır. Şırımın içərisinə uzunluğu 40-45 sm., diametri 25-30 sm., divarının qalınlığı isə 2,2 sm olan saxsı tünklər yuxarıdan aşağıya doğru bir-birinin içərisinə geydirilməklə yerləşdirilmişdi. Tünklərin bir-birinə geydirilmiş hissələri (çöl tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Birinci mərtəbədən başlayaraq Qalanın özül hissəsinə qədər gedən tünkləri 22 x 18 sm. ölçüdə dördkünç formalı saxsı novçalar əvəz edir. Həmin novçalar divarın içərisi ilə bayıra yönəlir. Saxsı tünklər və novçalar üzərində dulus çarxının izləri aydın görünür.
İçərişəhərdə arxeoloji qazıntılar davam edir. Çox güman ki, axtarışlar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri Qız Qalasının tarixi keçmişinə dair dəqiq fikirlər söyləməyə imkan verəcəkdir.

ŞİRVANŞAHLAR SARAYI KOMPLEKSİ


Qədim şəhərdə orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hakimlərinin iqamətgahı - “Şirvanşahlar Saray Ansamblı” bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Orta əsrlərdə Şamaxıda baş verən gərgin hadisələr dövründə Bakı şəhəri nisbətən sakit şəraitdə inkişaf edirdi. Hələ XII əsrdə Bakıda möhkəm qala divarlarının (1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində, Şirvanşahlar Sarayı ucaldılır.
Sarayın ansamblı 9 tikilidən: Saray binasından, Divanxanadan, Dərviş türbəsindən, Şərq darvazasından (portal), saray məscidindən, Key-Qubad məscidindən, saray türbəsindən, hamam və ovdandan ibarətdir.
Kompleks binalarının biri digərindən 5,6 metr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğu üçün, saray vahid memarlıq planına malik deyildir. Lakin buna baxmayaraq binaların biri digəri ilə təzad təşkil etmir. Əksinə biri digərini gözəlləşdirir. Ən müxtəlif nöqtələrdən baxarkən onların saray ansamblının tərkib hissələri olduğu aydın görünür.
Kompleksin bütün tikintiləri əhəng daşı olan yerli bədamdam daşından inşa olunmuşdur. Kompleksin bütün tikililəri arasında ən çox dağılmaya məruz qalan saray binası olmuşdur.
1500-cü ildə Şirvanşahlarla Səfəvilər arasındakı döyüş zamanı Fərrux Yassar öldürüldükdən sonra saray talan olunmuşdur. Şirvanşahlardan sonra sarayda kimlərin yaşadığı məlum deyil.
Cənubi Qafqazda hakimiyyət uğrunda İran və Türkiyə arasında gedən sonsuz müharibələr Azərbaycan ərazisində də getmişdir. Karvan yollarının kəsişməsində yerləşən Şirvan tez-tez hücumlara məruz qaldığı üçün, saray da bu hücumlar zamanı əldən - ələ keçmişdir. Bunu türklərin hakimiyyəti dövründə tikilən Murad darvazası sübut edir. Bakı qalasında farsların hakimiyyəti dövrünə aid olan abidələr də vardır.
1723-cü ildə I Pyotr qoşunlarının Bakıya top atəşi açması zamanı saray məscidinin şimal-şərq fasadı ziyan çəkmişdir.
10 fevral 1828-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan və saray tikililəri rus hərbi qərargahına verildikdən sonra burada təmir işləri aparılmış, saray hərbi qərargaha çevrilmişdir. Şirvanşahlar Sarayı ilə bağlı bir çox qiymətli tikililər məhv edilmişdi. Hətta sarayın ərazisində Aleksandr Nevski kilsəsinin inşası da nəzərdə tutulmuşdur. Saray XIX əsrin sonunda dağıdılmış və baxımsız qalmışdır. 5 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin “Cəmiyyətə, müəssisələrə və fərdi şəxslərə aid olan incəsənət və qədim abidələrin siyahıya alınması və saxlanması haqqında” dekreti nəşr olunur. Bu dövlət tərəfindən abidələrin ilk dəfə siyahıya alınması istiqamətində atılan addım idi. 1932-ci ildə Şirvanşahlar kompleksində Azərbaycan Xalq Komissarı Sovetinin qərarı əsasında təmir işləri başlanır. 1937-38-ci illərdə arxeoloq V.N.Leviatovun rəhbərliyi altında Sarayda arxeoloji qazıntılar aparılır və xeyli miqdarda XII-XV əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılır. Saray binasında bir müddət Azərbaycan Xalq muzeyinin bir hissəsi və Din tarixi muzeyi yerləşdirilir. 1954-cü ildən “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq Muzeyinə çevrilmişdir. 1960-cı ildə sarayın memarlıq abidəsi kimi qorunması haqqında qərar qəbul edilir.
Saray binası. Saray 2 mərtəbəli düzgün olmayan düzbucaqlı formaya malik bir binadır. Sarayı yaxşı işıqlandırmaq üçün binanın cənubi-şərq bucağı girintili-çıxıntılı hazırlanmışdır. İlk vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si I, 25-ci isə II mərtəbədə yerləşirmiş. Otaqlar simmetrik şəkildədir. II mərtəbədə tağ tavanla örtülmüş Şahın özü və ailəsinin otaqları yerləşir. II mərtəbənin pəncərələri Bakı buxtasının gözəl mənzərəsinə açılır. Onları daş şəbəkələr daha da gözəlləşdirir.
1932-34-cü illərdə sarayda ilk təmir işləri başlanan zaman yaşayış binasının gümbəzi olmadığından onun üstü yastı tavanla örtülüb, döşəməsi isə parketdən hazırlanmışdır. XIX əsrdə hörülmüş pəncərələrdən daşlar sökülmüş və daş döşəmələrin bir hissəsi təmir olunmuşdur. Mərtəbələr arasında əlaqələr 2 ensiz pilləkən və 8 bucaqlı zalın döşəməsində yerləşən pilləkənlər vasitəsilə yaradılır. Təmir nəticəsində hal-hazırda II mərtəbədə cəmi 16 otaq vardır. Girişdəki 8 guşəli zal bu otaqlardan öz ilkin görünüşünə görə seçilir. Ona bitişik olan 2-ci 8 guşəli otağın ilk görünüşünün yalnız bir hissəsi qalmışdır. Onun gümbəz şəkilli örtüyü yastı örtüklə əvəz olunur. Qalan 14 otaq da bərpa edilmişdir, lakin onlar memarlıq baxımından o qədər də maraqlı deyildir. Əzəmətli olan əsas giriş binanın qərb divarındandır. Girişdə XV əsr Azərbaycan memarlığının bütün elementlərini özündə cəmləşdirən və heç bir bəzək elementi olmayan əzəmətli portal diqqəti cəlb edir. Girişin sağ və sol tərəfində dərin divar oyuğu vardır.
Divanxana. Divanxana kompleksi yuxarı həyətdə yerləşir və onun şimal tərəfi ilə bir tini yaşayış binasına bitişmişdir. Divanxana 8 guşəli rotondadan ibarət olub, 12 tərəfli günbəzlə tamamlanır. O, 8 guşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan 9 sütuna söykənir. Həyəti əhatə edən eyvanın sıra tağları eyni formalıdır. Tağların xarici hissəsində azadlıq rəmzi olan göyərçin şəkilli daş və 2 ədəd su axarı üçün daş növ vardır. Tikili rəsmi qəbul və divan işləri üçün istifadə edilmişdir. Belə bir ehtimalı da təkzib etmək olmaz ki, Şirvanşah Fərrux Yasər Divanxana kompleksini özü üçün məqbərə olaraq tikdirmişdir. Lakin tikinti işləri başa çatmamış, yarımçıq qalmışdır. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib. Sütunlu yer tanınmış feodalların yığıncağı üçün təyin olunubmuş. Divanxanaya yuxarı həyətdən və küçədən gələn 2 giriş vardır.
Rotondanın da 2 giriş qapısı vardır. Qərb girişi uca və nəfis işlənmiş portal ilə seçilir. Portalın səthi tipik Abşeron florasına xas olan əncir və üzüm yarpaqları ilə, şərq xalçalarının naxışlarını xatırladan ornamentlərlə, eləcə də dərinliyi 3-5 sm. olan oyma naxışlarla bəzədilmişdir. Portal, divar oyuğunun qabırğalı yarım gümbəzi 7 sıralı stalaktik kəmərə söykənib. Portalın çərçivəsində 2 ədəd 6 guşəli medalyon vardır ki, onların içərisində sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ gətirən 6 ədəd romb izlənir. Romblardan ikisinin üzərində “Allahdan başqa allah yoxdur”, digərində “Məhəmməd allahın elçisidir”, sonuncuda isə “Əli allaha yaxındır” sözləri yazılıb.
Sağ tərəfdəki 6 bucaqlının içərisində isə 12 ədəd romb əks olunub. Onlardan 6 ədədinin üzərində “Allah təkdir”, digər 6 ədədinin üzərində isə “Məhəmməd” sözləri yazılmışdır. Portalla yanaşı rotondaya gedən daxili keçid də gözəl ornamentlərlə işlənmişdir. Bu ornamentlərdən yuxarıda quranın 10-cu surəsi (Yunus surəsi 25, 26, 27 -ci ayələr) yazılmışdır. “Uca və pak olan Allah dedi: Allah xalqı behiştə çağırır, və istədiyi şəxsi düz yola hidayət edir, ona düz yol göstərir. Yaxşı və gözəl əməl sahiblərindən ötrü əcr və savab vardır. Onların üzərini günah pərdəsi örtmədiyi kimi, zəlil də olmazlar, onlar əhlidildirlər, həmişəlik orada qalacaqlar. Allah doğru deyir”.
Burada bədiilik effekti hörgünün xüsusiyyətindən asılı olaraq işıq-kölgə oynaqlığı ilə verilir. Daşların sırasının biri üfiqi yerləşdiyi halda, digəri şaquli istiqamətdə yerləşir, bu da daşların müxtəlif çalarlı olmasını təmin edir. Divarların bu qayda ilə inşası ansamblın bütün tikililərində izlənir.
Rotonda tağlarının oxları üzərində 6 bucaqlı medalyonlar vardır ki, onların daşları üzərində 3 qabarıq və 3 oyuq formada “Əli” adı həkk olunmuşdur. Qapı keçidlərinin üzərində ornamentlər yoxdur və giriş keçidi üzərində yazılar üçün çərçivə hazırlansa da onlar tamamlanmamışdır. Ehtimal olunur ki, binanın tikintisi 1500-1501-ci illərdəki müharibələr dövründə dayandırılıb. Rotondadakı mərkəzi zal dekorativ bəzəyə malik deyildir, onların tərəfləri oxvari oyuqlar və qapı keçidlərindəki tir yerində də qalmaqdadır.
Mərkəzi zalın ortasında dördbucaqlı şəklində olan pilləkan vasitəsilə zirzəmi ilə əlaqə vardır. Bunların təyinatı haqqında müxtəlif fikir yürüdülür. Buranın sərdabə olduğu da ehtimal olunur. Mərkəzi zalın qarşısında, aşağı tərəfdə düzbucaq şəklində dəhliz vardır. Dəhlizin bir başı əzəmətli portaldan, digəri isə kiçik cənub qapısından gələn iki girişdən ibarətdir. Dəhlizin şərq hissəsində kiçik xidmət otağı yerləşir. Divanxananın həyətində müxtəlif dərinliklərə (3 metrdən 15 metrə qədər) 5 ədəd quyu vardır. Onlarda yeyinti məhsullarının saxlanıldığı ehtimal olunur.
Divanxananın memarlıq üslubunun kamilliyi, ornamentlərin yüksək dərəcədə hazırlanma səviyyəsi Azərbaycan xalqının zəngin memarlıq irsinə malik olduğunu göstərir. Şirvan ərazisində olan portal kompozisiyaları arasında əsas yeri Divanxana ilə Şirvanşahlar türbəsinin portalı tutur. Divanxana gözəlliyinə və incəliyinə görə nəinki Azərbaycanın, həm də Yaxın Şərqin uyğun memarlıq abidələrənin şah əsəri sayılır.
Dərviş türbəsi. Xalq arasında “Dərviş türbəsi” adı ilə məşhur olan və həyətin cənub hissəsində yerləşən türbə orta həyətdə mərkəzi yer tutur. Bəzi mütəxəssislər bu türbənin yanlışlıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia edirlər. Bəziləri isə əsassız olaraq sarayın aşağı həyətlərindəki bütün abidələri, Dərviş türbəsi də daxil olmaqla Xanəgah tikililəri kompleksinə aid edirlər.
Tarixçilərin məlumatına görə Seyid Yəhya Bakuvi I Xəlilullah dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində şeyx Sədrəddin təriqətinin davam¬çısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdıqlarına görə, o, hicri tarixi ilə 862-ci ildə vəfat etmişdir. Bizə Seyid Yəhya Bakuvinin 30 adda əsəri gəlib çatmışdır. Onlar əsasən sufizm-mistik xüsusiyyətini daşıyır və Türkiyənin Manisa şəhərində “Muradiyyə” kitabxanasında saxlanılır.
Türbə Keyqubad məscidi bünövrəsi olan kompleksdədir. Onu qeyd etmək lazımdır ki, türbə üzərində onun kimə aid olduğunu bildirən kitabə və türbənin içərisində məzar daşı olmamışdır. Türbə incə quruluşu ilə diqqəti cəlb edir. Kiçik həcmli 8 bucaqlı türbə yüksək sənətkarlıqla işlənmişdir. Yaraşıqlı görünməsi üçün gümbəzin piramidaya oxşar səthləri az qabarıq verilmişdir. Türbənin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı və yerüstü hissədən ibarətdir. Divarların hörgüsü tünd və açıq daşlardan tikildiyindən onların təkrarlanması səthlərin rəngli görünməsinə səbəb olmuşdur. Türbənin daşdan yonulmuş şəbəkələrlə bəzəkli üç pəncərəsi vardır.
Epiqrafçı alim Məşədixanım Nemətin ehtimalına görə Şirvanşahlar Sarayı kompleksindəki bu günə kimi xalq arasında dərviş türbəsi adlanan yerdə dəfn olunmuş dərvişin Şirvanşah Şeyx İbrahim (1382-1417) vaxtında hicri tarixi ilə 805-ci ildə (1402-03) Mərəzə yaxınlığında “Diri baba” türbəsinin kitabəsini yazmış şəxsin olmasıdır.
Azərbaycan memarlığında bu kimi 8 bucaqlı türbələr geniş yayılmışdır. (Şamaxı, Ağdam, Ağsu, Xaçmaz, Quba və s. rayonlarda). Lakin Dərviş türbəsi bu türbələrin ən mükəmməl nümunəsidir.
Keyqubad məscidi. Keyqubad məscidi Dərviş türbəsi yanında ona bitişik bir məscid-mədrəsə binası olmuşdur. Türbə məscidin cənub hissəsində yerləşir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində gümbəzi saxlayan 4 sütun var imiş. Məsciddə Bakuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov yazır: “Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb və qəbri orada – məsciddədir”. Tədqiqatçı S.Aşurbəylinin yazdığına görə Keyqubad Şeyx İbrahimin babası idi. Şirvanşah Keyqubad 1317-43-cü illərdə hakimiyyətdə olmuşdur. Hal-hazırda Şirvanşahlar Sarayının aşağı həyətinin cənub hissəsində Keyqubad məscidindən sadəcə bünövrə qalıqları və bir neçə tağ salamat qalmışdır.
Şərq darvazası portalı. Kompleksin XVI əsrə aid olan yeganə tikilisi “Murad” darvazasıdır. Murad darvazası portalının yuxarı çərçivəsində olan 2 medalyon arasında aşağıdakılar yazılıb: “Bu bina Ulu Rəcəb Bakuvinin 994-cü ildə (1585-86) sifarişi əsasında böyük və ədalətli Sultan III Muradın dövründə tikdirilib”.
Portalın divar oyuqlarının yanındakı yazılar Təbrizli memar Əmirşahın adını məlum edir. Özünün ümumi, bədii dekorativ kompozisiyasına görə portal Divanxana və Türbə portallarına uyğun gəlir. Lakin burada tikinti texnikası və inşaat daşlarının keyfiyyəti xeyli aşağıdır. Burada Azərbaycan ornamental sənətinin stil təmizliyi pozulur. Memar ansamblın sabitliyini, ahəngliyini saxlamağa çalışsa da o dövrə xas olan memarlıq keyfiyyətinin aşağı düşməsindən qaça bilməmişdir.
Şirvanşahlar türbəsi. Aşağı həyətin ərazisində kompleksin 2 tikilisi, türbə və saray məscidi yerləşir. Aşağı həyəti digərindən iri dairəvi qapalı divarlar ayırır. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzla bəzədilmiş və 6 bucaqlı gümbəzlə tamamlanmış düzbucaqlı olduğu görünür. Tikilərkən gümbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdir.
Giriş üzərindəki yazı bu gözəl tikilinin tikilmə tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: “Dinin müdafiəçisi peyğəmbə¬rin adamı, böyük sultan Şirvanşah Xəlilullah, allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və 7 yaşlı oğlu üçün allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi 839 il” (1435-36).
Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsi ilə oxunan yazı ilə memarın adı yazılmışdır: “Allah, memar Məhəmməd Əli”. Bizə məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazması qadağan olunmuşdur. Ona görə də sənətkar öz adını bu yolla şifrləşdirmişdir. Bu isə memarlıq əqlinin kəskinliyini və ziddiyyətdən çıxış yolu tapma məha¬rətini və işini layiqincə yerinə yetirdiyini göstərir. Bu yazılar 1954-cü ildə görkəmli şərqşünas alim Ə.Ə.Ələsgərzadə tərəfindən oxunmuşdur. Digər yazılar quran surələrindən götürülmüşdür.
Portal keçidi zəngin ornamentə malikdir. Portalın ən yuxarı hissəsinə quranın 12-ci surəsinin 92-ci ayəsi oyma yazı üsulu ilə yerləşdirilmişdir. Yazıda deyilir: “yüksək və böyük olan Allah-taala dedi: bu gün allah sizi bağışlar, çünkü ən rəhimlilərin rəhimlisidir”. Düz girişin üzərində olan medalyonda 12 dəfə “Əli” adı təkrar olunmuşdur.
Türbənin girişində dəhliz vardır və o, 8 bucaqlı gümbəzlə örtülmüşdür. Onun sağ və solunda xidmət üçün 2 yardımçı otaq vardır. Kvadrat formalı əsas zal mərkəzi hissədən və onun 4 tərəfində yerləşən çatmatağlı taxçalardan ibarətdir. Zalın mərkəzi hissəsi gümbəzlə örtülmüşdür. Zalın şimal və cənub künclərində kvadrat planlı kiçik otaqlar vardır.
Giriş üzərindəki yazılara əsasən məlumdur ki, türbə Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikilmişdir. Buna baxmayaraq orada Şirvanşahlar ailəsinin digər üzvləri də dəfn edilmişdir. Qazıntılar zamanı sökülmüş döşəmənin altından daş lövhələr tapılmışdır. Bu daş lövhələrdən 7 ədəd qəbrin örtüyü olduğu məlum olmuşdur, yalnız 5 qəbrdə sümük qalıqları tapılmışdır. 2 qəbrdə sümüklər yox idi.
Şirvanşahlar Sarayında saray şairi olmuş Bədr Şirvaninin qəsidə, mədh və divanlarına, habelə qəbirlərdən aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən burada dəfn edilənlərin adları ayırd edilmiş və dəqiqləşdirilmişdir:
I qəbirdə Şirvanşahın 7 yaşlı oğlu Fərrux Yəmin (1435-42) dəfn edilmişdi.
II qəbir qoca qadına məxsus olub Şirvanşahın anası oluduğu ehtimal edilir. Şirvanşahın anasının adının Bikə və çox hörmətli qadın olduğu, həmçinin hicri təqvimi ilə 839-cu ildə (1435-36) vəfat etdiyi qeyd olunur.
III qəbirin Qara Yusifin əsiri olub, onun ölümündən sonra Şirvanşah Şahruxa ərə getmiş Xanikə xanıma aid olduğu ehtimal edilir.
IV qəbirdə Şirvanşahın Şeyx Salah (1443-45) adlı 2 yaşlı oğlu dəfn edilmişdir. V qəbir 19 yaşlı II İbrahimə (1432) aid olan qəbrdir.
Girişin əks tərəfində iri bədənli, hündürlüyü 2 metr 10 sm. olan sklet aşkar edilmişdir. Bu qəbirin I Xəlilullaha aid olduğu ehtimal edilir.
Saray məscidi. Aşağı həyətdə türbə ilə yanaşı saray məscidi yerləşir. Məscidin hündürlüyü 22 metrdir. Minarəni əhatə edən yazıdan məlum odur: “bu minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını və hakimiyyət illərini böyütsün 845-ci il” (1441-42 illər).
Məscidə girməzdən əvvəl yuyunmaq və dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hündür meydançada quyu və kiçik hovuz vardır.
Memarlıq formasına görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər və aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli gümbəzlə tamamlanır. Eyvanın ətrafı başqa böyük məscid minarələrində olduğu kimi üzəri oyma üsulu ilə bəzənmiş, daş məhəccərlə əhatə olunmuşdur. Sonralar rus ordusu tərəfindən şəhər top atəşinə tutularkən dağıdılmış daş məhəccər XIX əsrdə dəmir məhəccərlə əvəz edilmişdir.
Məscidin daxilində şimal, şərq və qərbdən sadə işlənmiş qapılar açılır. Qapılardan şərq tərəfdəkindən şah və onun ailəsi, şimaldakından kişilər, qərbdəkindən isə qadınlar istifadə edirlərmiş. Gümbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən və 4 tərəfdən birləşən çatma taxçalardan ibarətdir. Dilimli yarım gümbəzlə tamamlanan mehrab zərif stalaktitlərlə bəzənmişdir. Məscidin şimal-şərq küncündə tağ-tavanla örtülmüş kiçik bir otaq yerləşir ki, bura qadınlar üçün ibadətxana olmuşdur. Onun mehrabını sadə taxca əvəz edir. Mərkəzi zalın yuxarı küncündə divara hörülmüş zala açılan küplər səsi o qədər gücləndirirdi ki, mollanın səsi qadınlara məxsus otaqdan da eşidilirdi. Minbərin arxasında olan divar oyuğundan digər kiçik bir otağa keçmək üçün pilləkənlər vardır. Pəncərələrin qabağındakı daş şəbəkələr memarlıq baxımından olan bu binaya gözəllik verir.
Saray hamamı. Kompleksin ən aşağı həyətində saray hamamı yerləşir. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtmüşdür.
Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş, 1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə konservasiya edilmişdir. Hamamın indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Hamamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlamışdır.
Hamama daxil olan su, divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsi ilə otaqlara paylanırdı. Hamamda soyunmaq üçün, tək adamın çimməsi üçün “xəlvəti” adlanan otaqlar da vardır. Divarda otaqlara çəkilmiş borunun ucu tağın içindən görünür.
Hamamın sağ küncündə üstü günbəzli bir böyük və iki kiçik otaq vardır. Kaşı üzlüyə malik bu otaqların çəxsən şaha məxsus olduğu ehtimal olunur.
Ovdan. Ovdan portal şəklində tərtib olunub, oradan anbara çox saylı pilləkən gedir. Ovdanla hamam arasında əlaqənin olduğu yan vestibüldən görünür. Ovdan 1954-cü ildə təmir-bərpa işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Ovdana su, kəhrizlər vasitəsilə şəhərin dağlıq hissəsindən verilirmiş.
Beləliklə, aydın olur ki, “Şirvanşahlar Sarayı Ansamblı” orta əsr Azərbaycan memarlığının monumental dekorativ sənətinin möhtəşəm nümunəsidir.

 


MƏHƏMMƏD MƏSCİDİ

 

Məscid giriş qapısının üzərindəki epiqrafik yazıya istinadən (ərəb kufi xətti) hicri tarixi ilə 471-ci ildə (miladi 1078-79) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub. Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının mərkəzi oxunda daşla şəbəkə şəklilli bağlanmış bir cüt pəncərə var. Oxvarı taxtabanla tamamlanan zal həm Şərq və Qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilmişdir. Maraqlı faktdır ki, Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır.
Xalq etimalogiyası dilində abidənin adı həm də “Sınıqqala” kimi hallanır. Bu qədim və möhtəşəm abidə I Pyotrın Bakıya kəşfiyyat ücün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün “Sınıqqala” adlanır.
Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı (müəzzin) eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış dolama (spiralşəkilli) daş pilləkənlər ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı vardır. Dama iri daş plitələr döşənmişdir. Minarənin yuxarı hissəsində stalaktik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayəsi yazılmışdır. Minarənin özülü alçaq və kvadrat formadadır.
Məscidin cənub fasadı, kəskin şəkildə qabarmış yarımsilindrik həcmli mehrab və minillik daş divar fonunda, çatma pəncərələrlə təmsil olunmuş, uzanmış proporsiyalar şəklində canlanır. Məscidin həcm kompozisiyasının dinamikasını ətraf tikililəri kölgədə qoyan minarə təmsil edir. Abidədə aparılmış bərpa işləri üzərində epiqrafik yazısı olan bu qədim məscidinin memarlıq simasını bütövlüklə canlandırdı.
Arxeoloq F.Ə İbrahimov 1988-ci il arxeoloji qazıntıları ilə məscidin gözlənilməz iri həcmli sahə quruluşunu kəşf etdi. Hər zaman alçaq forması ilə qəbul olunan minarə indi kvadrat binövrə üzərində tikilmiş mükəmməl tikili kimi canlandı. İbadət zalının altından daş çatma qübbə ilə örtülmüş analoji tipli otaq aşkar olundu. Otağın alt təbəqəsinin altında islama qədər dini ayinlərin elementləri izlənildi. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri bu otağın məhz antik dövrdə inşa edildiyini ehtimal etməyə əsas verir. Güman edilir ki, məscid burada islamaqədər fəaliyyət göstərən atəşgahın bünövrəsi üzərində ucaldılıb. Bu otaqdan aşkar olunmuş kapitelli sütunlar Bakı tarixinin qədimliyini subut edən əsaslı dəlillərdəndir.

 

 

 


Ölkə Əhəmiyyətli Abidələr

AĞA MİKAYIL HAMAMI
KİÇİK KARVANSARAY
QALA DİVARLARI
MOLLA ƏHMƏD MƏSCİDİ
HACI BANİ HAMAMI
İKİMƏRTƏBƏLİ KARVANSARAY
HACI BANİ MƏSCİDİ
XANLAR MƏSCİDİ
ÇİN MƏSCİDİ
QASIM BƏY HAMAMI
MƏDRƏSƏ MƏSCİD
BUXARA KARVANSARAYI
MULTANI KARVANSARAYI
AŞUR MƏSCİDİ
ŞEYX İBRAHİM MƏSCİDİ
MƏSCİD
XIDIR MƏSCİDİ
GİLEYLİ MƏSCİDİ
DÖRDBUCAQLI QALA
CAME MƏSCİDİ VƏ MİNARƏ
YERALTI TİKİNTİLƏR
BAZAR MEYDANI
TƏKİYƏ
OVDAN
BAKI XANLARININ EVİ
SU KƏMƏRİ VƏ KANALİZASİYA
YAŞAYIŞ EVİ
YERALTI HAMAM
MƏSCİD VƏ MƏSCİD HƏYƏTİ-İBADƏT YERİ


AĞA MİKAYIL HAMAMI

Hamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Onun yerləşdiyi ərazi xalq etimalogiyası dilində hamamçılar məhəlləsi adlanır. Hamamın girişi Kiçik qala küçəsindədir. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Soyunma və yuyunma otaqları kvadrat formalıdır. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunmuşdur. Yerli memarlıq formasına uyğun işlənilmiş sərt fasad və daş üzərində üstünlük təşkil edən günbəzlərin cəlbedici həcmi hamamın əsasını təşkil etmişdir. Bina üzərində cəsarətli siluet kimi ucalan, özünəməxsus formalı tüstü bacası maraqlı qurulmuşdur. Abidə cənub-şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olunmuşdur.

KİÇİK KARVANSARAY

Kiçik və ya “Xan karvansarayı” adlanan karvansaray XV əsrin sonu XVI əsrin əvvəlində tikilmişdir. Planda kvadrat formalıdır. İçəridə küncləri kəsik, iri dördbucaq şəkilli həyəti var. Bütün perimetr boyu eyvanla əhatə olunmuşdur. Eyvanın arxasında isə şəxsi istifadə üçün nəzərdə tutulmuş yaşayış otaqları yerləşir. Şimal-cənub oxu üzrə, ticarət küçələrini birləşdirən bir otaqlı, iki tərəfli açıq girişi var. Həyətin bəzək memarlığı, ənənəvi formalar - səthi düz dördbucaq çərçivələrə alınmış çatma tac eyvanlar üzərində qurulmuşdur. Sadə profilli karniz, binanın perimetri üzrə tikilinin zal fasadlarını birləşdirir. Karvansarayın şimal və cənub girişləri portal formasındadır. Karvansarayın əsas giriş portalı orta əsrlərdə dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansarayın fasadı ikimərtəbəli olub möhtəşəm istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansaray ticarət küçəsi tərəfdən, həyətlə birbaşa əlaqəsi olmayan dükanlardan ibarət idi. Ehtimal olunur ki, bu tikili karvansaray kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olmuşdur. Karvansaray şəhərin ticarət magistralında yerləşib şəhərsalma sistemində əsas yer tutur.

QALA DİVARLARI

Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən nəhəng ikiqat qala divarları ilə əhatə olunmuşdu. Mənbələrin məlumatına görə şəhərin cənubdan, Xəzər dənizi tərəfdən də qala divarları ilə əhatələnmişdi. Orta əsrlərdə Qala divarında şəhərə 5 giriş qapısı var idi.
XX əsrin əvvəllərində 1868-ci ildə Bakının hərbi qubernatoru şəhərin abadlaşdırılması, onun hərbi müdafiə istehkamı kimi ləğv edilməsi məqsədilə qala divarının sökülməsi barəsində Qafqaz Hərbi Dairəsinə müraciət edir. 1870-ci ildə xaricdən ikinci qala divarının sökülməsinə icazəsi verilir. 1886-cı ildə Dumanın iclasında bu məsələ bir daha qaldırılır və qərara alınır ki, sökülən ikinci qala divarında olan “Zülfüqar xanın darvazası” adlanan qapı birinci qala divarında yerləşən Şah Abbas darvazası yanında qurulsun. Beləliklə, hal-hazırda Gənclər meydanına çıxan ikinci darvaza açılır. Sonradan İçərişəhərə daha bir neçə giriş qapısı açmışlar. Darvazalar tağbənd formada tamamlanır. Tağbəndin üstündə isə ərəb əlifbası ilə inşaat yazısı və qabarıq şəkildə şəhərin rəmzi olan öküz başı, şir rəsmləri həkk olunmuşdur. Qala divarının şimal tərəfindən 1950-ci illərin ortalarında aparılan bərpa işləri zamanı tapılmış yazılı daş kitabədən (2,0 x 0,70) məlum olmuşdur ki, Bakının qala divarı Şirvanşah III Mənuçöhrün (1120-1149) göstərişilə təqribən 1138-1139-cu illərdə inşa olunmuşdur.
Qala divarları tez-tez düşmən hücumları zamanı dağıdıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı bürc (donjon) qalmışdır. Divarın hər 12-15 metrindən bir təkrar edilən bürclərinin 13-ü şəhərin şimal və şərq, 12-si isə qərb tərəfində yerləşir. Orta əsrlərdə uzunluğu 1500 m. olan İçərişəhər qala divarından hal-hazırda təqribən 600 metri salamat qalmışdır. Qala divarı yonulmuş əhəng daşından tikilmişdir. Divarın hörgüsündə kəc məhlulundan bərkidici material kimi istifadə edilmişdir. Hal-hazırda Qala divarının qalınlığı 3-3,5, hündürlüyü isə 8-12 metr təşkil edir.

MOLLA ƏHMƏD MƏSCİDİ

Məscid İçərişəhərin məhəllə məscidləri tipinə aiddir. Nəsrəddin Quştası bin Həsən Hacıbaba tərəfindən sifariş olunmuş, Abşeronun məşhur tikililərinin, eyni zamanda Nardaran kəndində qəsrin (1301-ci il) və Bibiheybət kəndində minarəli məscidin (XIII əsrin sonu) müəllifi olan ustad-memar Mahmud ibn Sad tərəfindən XIV əsrin əvvəlində inşa edilmişdir. Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılmışdır.
Məscid planda dördbucaq şəklində olub həcmcə kiçik bir zaldan ibarətdir. Cənub divarında sadə mehrab, yanlardan taclı, alçaq formalı daş qübbə düzgün işlənmişdir. Zahirən gözə çarpmayan assimetrik fasad, dəqiq profillənmiş giriş və sonradan əlavə olunmuş iki kiçik pəncərələrlə tamamlanır.
Fasadın yuxarı hissəsində uzun zolaq şəklində verilmiş, binanın inşası haqqında ikisətirli ərəb yazısı eyni zamanda həm sifarişçi, həm də hərbi, dini və xatirə abidələrinin tikintisində fəal iştirak edən memar haqqında dolğun və məzmunlu məlumat verir. Onun yaradıcılığında, memarlıq irsinin bir hissəsi olan, Şirvanşahlar dövrünü əks etdirən stilistika üslublarının tərəqqisi hiss olunur.
HACI BANİ HAMAMI

Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir.
Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir.
Hamama daxil olarkən orada müsbət enerji gətirən, ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur.

İKİMƏRTƏBƏLİ KARVANSARAY

Karvansaray XV əsrdə tikilmişdir. Mənbələrə görə Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmişdir.
Karvansarayın eyni ox üzrə yerləşən ikitərəfli açıq girişləri var. Karvansaraya giriş dəniz ticarəti ilə əlaqədar sahil küçəsindən və ticarət magistralı yerləşən hissədən mümkündür. Karvansaray daxili planına əsasən kvadrat formalıdır. Daxili məkanı səkkizüzlüdür, arxasında ayrıca otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir.
Otaqların və eyvanların qübbə örtükləri çatma formalıdır. Küncdəki otaqlar isə kiçik künbəzlərlə tamamlanır. Karvansaraya girişlər, bina hündürlüyündə qabaran portallar və birinci mərtəbə səviyyəsində dərin taxçalarla tamamlanır. Cənub-şərq tərəfdən karvansaray bütöv künc qalalarla mühafizə olunmuşdur. Bu da eyni zamanda onun şəhər divarları sistemində müdafiə xarakterini göstərir.

HACI BANİ MƏSCİDİ

Məscid Şirvanşahlar Sarayı Kompleksi yaxınlığında yerləşir. Fasad üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilmişdir. Planda mərkəzi künbəzlidir. Girişlə üzbəüz, iri miqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir. Başqa bir epiqrafik yazıdan aydın olur ki, məscid hicri tarixi ilə 1320-ci ildə (1902-03 illər) bərpa edilmişdir. Bu zaman yenidənqurma işləri aparılmış, vestibül və qadınlar üçün nəzərdə tutulmuş xüsusi hissə (şəbistan) əlavə edilmişdir. Cüt yarımdairəvi pəncərələr sayəsində isə ibadət zalı ikiqat işıqlandırılmışdır.
Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlamışdır. İfadəli silueti, kub təməl üzərindəki quruluşu, Abşeron tipli daş şarkonusvari künbəzin traktovkası və küçənin eniş istiqamətində gözəl vurğulanmış künc hissəsi yerli memarlığın xarakterik xüsusiyyətlərini əks etdirir.

XANLAR MƏSCİDİ

Məscid XIX əsrin sonunda Xanlarov qardaşları tərəfindən sifariş olunaraq öz evləri yaxınlığında memar Məşədi Mirzə Qafar İzmaylovun layihəsi əsasında inşa olunmuşdur. Bu kiçik məscid uzadılmış dördbucaq şəklində, yaşayış məhəllələrinin cərgəsində yerləşmişdir. Giriş üç hissəyə bölünmüşdür. Bunlardan mərkəzdəki bölmə künbəzlə tamamlanır, yanlardakılar isə qübbələr ilə örtülmüşdür. Zalın uzununa oxu istiqamətində maraqlı plastik memarlıq kompozisiyası təqdim edən, cinahlarda qoruyucu pəncərəli, zəngin naxışlı mehrab yerləşir. İnteryer tamamilə nəbati xarakterli naxış motivləri ilə zəngindir. Bu da daxili məkanın bütün sisteminə əzəmətlilik və təmtəraqlıq gətirir. Məscid İçərişəhər ərazisində ən son tikilmiş dini abidələrindən biridir.

ÇİN MƏSCİDİ

Məscid Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir.
Fasad üzərində, giriş qapısının üstündəki epiqrafik kitabə onun hicri tarixi ilə 777-ci ildə (1375-ci ildə) Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə bəzən məscidi onun adı ilə adlandırırlar.
Fasad üzərindəki digər epiqrafik yazıdan belə məlum olur ki, abidə hicri tarixi ilə 1186-cı ildə (1772-73-cü illər) Məsud Əli tərəfindən bərpa olunmuşdur. Xalq etimalogiyasına görə məscidin “Çin” adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.
Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, çatma oyuq və ərəb yazısının epiqrafik başlığı, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Şəhərin şərq üslublu orta əsr portalları arasında, məscidin portalı ən klassik olanıdır.

QASIM BƏY HAMAMI

Hamam Şirvanşah I Xəlilullah dövründə Salyan qapısı (darvazası) yaxınlığında tikilmişdir. Xalq etimologiyasında hamamın “Şirin hamam” adı alması, burada çay ilə bərabər şirniyyatın da verilməsi ilə əlaqədardır. Hamamın planlaşdırma strukturu yerli memarlığın ənənəvi üsullarına əsaslanıb. Belə ki, o vestibül hissəsindən, soyunma və yuyunma otaqlarından, xəzinə və odluq kamerasından ibarətdir. Soyunma və çimmə otaqları xaçgünbəzlidir və künclərdə kameralıdır. Hamamın mərkəz hissələri üzərində əsas günbəzlər yerləşən səkkizüzlü formadadır. Tağlar, qübbələr və günbəzlərlə bölünmüş hamamın daxili məkanı memarlıq və konstruktiv formaların böyük vahidlik (vəhdətlik) dərəcəsi ilə fərqlənir. Zalın həcmli plastikası, memarlıq kütlələrinin üfüqi və şaquli bölgüləri nəticəsində əldə edilmişdir. Su təminatı, isitmə və qızdırma sistemi divarların içərisində və döşəmənin altında yerləşən küng borular vasitəsi ilə həyata keçirilirdi.
Hamamda bərpa işləri 1970-ci ilin sonlarında aparılmışdır və o, yaşıl əczaxanaya çevrilmişdir. Qasım bəy hamamı orta əsrlər dövrü mülki memarlığın maraqlı abidələrindən biridir və dövlət tərəfindən qorunur.

MƏDRƏSƏ MƏSCİD

Son orta əsrlərdə əsasən məscid mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə Came məscidin qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. A.Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir.
Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri - daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. Məharətli ustalar tərəfindən frizlənmiş naməlum memarın fikirlərinin bədii ifadəsi insanı heyran edir.

BUXARA KARVANSARAYI

XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansarayın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir.
1964-cü ildə aparılmış bərpa işləri karvansaray binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansarayın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur.

MULTANI KARVANSARAYI

Buxara karvansarayı ilə üzbəüz yerləşir. Karvansaray XV əsrdə tikilmişdir və Abşeron atəşgahlarına ziyarətə gələn hind tacirləri və zəvvarları üçün sığınacaq rolunu oynamışdır. Multan Pakistanda bir şəhərdır. Karvansarayın bu adı alması Multanlı atəşpərəst zəvvarların Bakıya daha çox gəlmələri ilə əlaqədardır. Onların Suraxanıdakı “Atəşgah” məbədini də tikdirdikləri məlumdur.
Multanı karvansarayı planda kvadrat formalıdır. Onun həyəti də kvadrat şəkillidir. Lakin küncləri kəsikdir. Qismən köhnə tikililər üzərində ucaldılmışdır. Hörülmüş giriş vestibül qruplarına malikdir. Karvansarayın memarlıq planlaşdırma quruluşu perimer üzrə həyəti əhatə edən eyvanlardan, onların arxasında yerləşən fərdi yaşayış üçün nəzərdə tutulmuş ayrıca otaqlardan ibarətdir. Bu da öz növbəsində onun Buxara karvansarayına üslubca yaxın olduğunu sübut edir.

 

 

 


AŞUR MƏSCİDİ


1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir. Məscid öz adını XIX əsrin sonu – XX əsrin əvvəllində neft sənayesi inkişaf etməyə başlayan zaman almışdır. Belə ki, Dağıstan fəhlələri Bakı sənaye müəssisələrinə qazanc dalınca axışan zaman İçərişəhərin sakinləri ibadət üçün onlara məhz bu məscidi həvalə etmişlər. Dağıstandan gələn fəhlələrin uzun müddət burada ibadət etmələri, məscidin xalq etimalogiyasında “ləzgi məscidi” adını almasına səbəb olmuşdur.
Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür. Daşdan tac kimi hörülmüş nəbati və həndəsi naxışlarla bəzədilmiş mehrab isə XII əsrə aid stalaktit ilə zəngin bəzədilmişdir. XX əsrin əvvəlində ibadət zalının cənub-qərb küncündə bir Bakı sakini tərəfindən ikinci mehrab tikilmişdir. Bayır tərəfdən məscidin qədim hissəsində, təmiz yonulmuş iri daş bloklardan yuxarı, daha sonrakı hissəsinə isə xırda daşlardan üz çəkilmişdir. Cənub fasadının oxu ilə sadə profilli karnizin üzərindən kufi xətti ilə “Allah” sözü frizlənmiş lövhə var.
1970-ci ildə məscidin bərpa prosesi zamanı arxeoloji qazıntılar nəticəsində binanın cənub hissəsinin altından sasanilər dövrünə aid iki yarımdairəvi tipli tağlar aşkar edilmişdir. Tağların arxasından isə qübbəli otaq aşkar olunmuşdur. Məscidin qədim atəşpərəstlik məbədi üzərində inşa olunduğu ehtimal edilir. Gələcək arxeoloji qazıntılar, səkkiz əsrdən çox üzərində müsəlman ibadətgahı yerləşən qədim binanın digər hissələrini də üzə çıxaracağı istisna olunmur.

ŞEYX İBRAHİM MƏSCİDİ
Salyan darvazasına çıxmaq üçün, öz istiqamətini dəyişən ticarət magistralı üzərində yerləşmişdir. Fasad üzərindəki epiqrafik yazı, sifarişçi Hacı Əmirşah Yaqub oğlunun adını öyrənməyə imkan verir. Digər yazı isə məscidin Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa olunması haqqında məlumat verir. Əsas yazı məscidin hicri təqvimi ilə 818-ci ildə (1415-16 illər) Sultan oğlu Sultan Şeyx İbrahimin dövründə inşa olunmasını qeyd edir. Ona görə də bu məscidə xalq Şeyx İbrahim adını verib. Məscid dördbucaq şəklindədir və çatma formalı daş qübbə ilə örtülmüşdür. Mehrab ənənəvi yan divarda deyil, uzunluğuna olan divarda yerləşmişdir. XIX əsrdə məscidin fasad divarının səthi üç dördbucaq çərçivələrə bölündü və bununla da fasad Avropa memarlıq üslubu aldı. Hər bir çərçivənin içərisində yarıqla tamamlanan pəncərə yerləşdirildi, giriş isə portal formasında işlənildi. Milli memarlıq abidəsinin qədim məzmunu qorunaraq, burada yerli və Avropa motivləri, vahid memarlıq platformasında birləşir.

MƏSCİD

Orta əsr karvan ticarət yolu üzərində yerləşən bu məscid XVII əsrin əvvəllərində inşa edilmişdir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.
Dövrün görkəmli şəxsiyyətlərindən biri olmuş Seyid Yahya Murtuza bu məscidi öz şəxsi vəsaiti hesabına tikdirmişdir. O, dini ruhani xadim kimi, məsciddə axund olaraq fəaliyyət göstərmişdir. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir.

XIDIR MƏSCİDİ


Məscid 1301-ci ildə küçə-pilləkən üzərində tikilmişdir. Bu isə öz növbəsində məscidin memarlıq planlaşdırma üslubuna təsir göstərmişdir.
Daxili məkanın proporsional bölgüsü, kompozisiya üsulları və daş elementləri qabarıq oyma üsulu ilə aydın ifadə olunmuş, bədii-təsvirli mehrabın sayəsində, zal çox gözəl tərtibata malik olmuşdur. Cənub fasadının düzgün profilli, çatma pəncərələri göstərən bütöv daş divarın fonunda, xüsusi vurğulanmış portala, həmçinin geniş ərəb yazısı zolağına əsaslanan məscidin iri həcmli kompozisiyası fonunda yerli memarlığın ən möhtəşəm formalarında canlanır. Məscidin bütün perimetrii boyu yerləşən, zəif profilli daş tac, şərq kompozisiya üsullarını aydın göstərir. 1988-ci ildə daş qübbənin aşağı mərtəbəsində arxeoloji qazıntılar və portalda bərpa işləri aparılmışdır. Məscid atəşpərəstlik məbədi üzərində inşa olunmuşdur.

 

 

 



GİLEYLİ MƏSCİDİ

Gileyli məscidi iki mərhələdə tikilmişdir. 1309-cu ildə Şirvanşahlar dövründə, sonra isə XIX əsrin ikinci yarısında. Köhnə hissə xaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb.

DÖRDBUCAQLI QALA

Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini daha asanlaşdırmaq üçün möhtəşəm bürclər də qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur. Orta əsr müəlliflərinin yazdığına görə Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində yerləşən bir dördkünc qala tipli bürcü var idi. Orta əsrlərdə, istər dinclik dövründə, istərsə də müharibə şəraitində bu qaladan silah anbarı (cəbbəxana) kimi istifadə olunmuşdur. Qala-bürcün tikilməsi əsasən iki məqsəd daşıyırdı. Qala divarlarının görüntüsünün möhtəşəmliyini artıraraq Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün ərazini nəzarətdə saxlamaq və qapalı, geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək. Bu dördkünc qalanı donjon (donjon fransız sözü olub müdafiə qalası kimi tərcümə olunur) da adlandırırlar.

CÜMƏ MƏSCİDİ VƏ MİNARƏ
Məscid atəşgah məbədinin üzərində tikilmişdir. Məscidin divarına həkk olunmuş binanın inşası haqqında bir yazıda deyilir: “709-cu ilin (1309-10-cu illər) rəcəb ayında Əmir Şərəf-əd-din Mahmud bu tikilini yeniləmək əmri vermişdir”.
Otaqları çoxbölməli, düzgün olmayan altıbucaq formalı məscidin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı, binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır.
XV əsrdə ibadət zalının oxu üzrə məscidin şimal divarında, mömünləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Minarənin şaquliliyi və ibadət zalının ecazkar kaşılı künbəzinin konus forması, memarlıq sənətinin inkişafını göstərir və məscidin ümumi kompozisiyasına novatorluq elementi, gətirir. Bu Şirvanşahlar Sarayı kompleksi abidələrində də öz əksini tapmış qeyri-adi stilistik istiqamət idi. Minarənin tarixi Came məscidinin inşasından daha əvvəlki dövrə aiddir. Minarənin, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş bunövrə daşındaki kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.
XIX əsrin sonu XX əsrin əvvəllərində Bakının varlı adamlarından biri Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədi ilə qədim abidənin yerində tamamilə yeni məscid binasını ucaltdı. Məscidin kiçik diametrli günbəzini, mərkəz hissəsində dörd sütunla saxlayan kvadrat formalı ibadət zalı tamamlayır. Binanın memarlığında Şərq və Avropa klassik motivlərindən istifadə olunmuşdur. Girişin portalında Azərbaycan memarlığının əsas prinsipləri əks olunmuşdur: daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. Məharətli daş yonan ustalar tərəfindən əfsus ki, naməlum memarın fikirlərinin bədii ifadəsi insanı heyran edir.

YERALTI TİKİNTİLƏR (SU ANBARI VƏ YERALTI YOL)

Azərbaycanın orta əsr şəhər və qalalarında ehtiyat üçün tikilmiş yeraltı gizli yolların olması haqqında çoxlu məlumatlara təsadüf etmək olur. Xalq yaradıcılığında yeraltı gizli yollar haqqında çox danışılır. Təsadüfi deyil ki, şəhər və qalaların yeraltı yolları, xüsusi marağa səbəb olmaqla yanaşı, onların təsadüfdən yaranmadığı və real həyata bağlı olduğu aydınlaşır. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar da qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur.
İçərişəhərdə məhz bu məqsədlə şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa Qala Qapılarınadək uzanan yeraltı yol inşa edilmişdir. Yeraltı yol qala divarı bürclərindən biri olan dördkünc qala-bürcə (cəbbəxana və ya donjon) qərb və şərq tərəfdən birləşirdi. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək məqsədi daşıyırdı.
Bu yeraltı yol hələ də öz strateji və memari əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca “İçərişəhər” metro stansiyasının İçərişəhərə giriş qapısından Qoşa Qala Qapılarına qədər uzanan yeraltı yol, müxtəlif illərdə və bəzi yerlərdə İçərişəhərə giriş qapıları açılması ilə əlaqədar bağlanmışdır. Qeyd edək ki, şərq istiqamətində uzanan bu yolun divarları yaxşı yonulmuş hamar daşlardan qayanın üstündə səliqə ilə hörülmüşdür.
Bu yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı hal-hazırda qalmaqdadır. Bu su anbarı, yaxınlıqda yerləşən ovdan ilə əlaqəlidir. İndi də su axan bu yeraltı yol vaxtilə fəaliyyətdə olan böyük su kəmərinin qalığıdır. Qayada ovulmuş su yollarından həm də yeraltı gizli yol kimi istifadə edilməsi çox maraqlıdır.

BAZAR MEYDANI (Sıratağlı dini-memarlıq kompleksi)

Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı maraqlı quruluşa malik sıratağlı abidə aşkar olunmuşdur.
Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması müqəddəs Məkkəni xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti “əmanət meyitlər”dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən “əmanət meyitlər”ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır. Onun hündürlüyü 1,31 m, qalınlığı isə 48 sm-dir. Tapılan maddi-mədəniyyət abidələri və qəbirlər, buranın müqəddəs ziyarətgah olması barədə arxeoloqların fikirlərinin reallığını bir daha təsdiq edir.

TƏKİYƏ

XIII əsrdə inşa olunmuş təkiyə (dərvişlərin ibadət etdiyi yer) əsasən məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı, binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. 1967-ci ildə Təkiyənin ətrafında arxeoloji qazıntılar aparılmışdır. Təkiyə 1970-ci illərdə bərpa edilmişdir.

OVDAN

Ovdan portal şəklində tərtib olunub, oradan su anbarına çox saylı aşağı istiqamətlənmiş pilləkənlər düşür. Ovdanla hamam arasında əlaqənin olduğu yan vestibüldən görünür. Ovdan 1954-cü ildə şah hamamının aşağı hissəsində arxeoloji qazıntı işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Ovdana su, kəhrizlər vasitəsilə şəhərin dağlıq hissəsindən verilirdi.

BAKI XANLARININ EVİ
Şirvanşahlar dövlətinin süqutundan sonra XVII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə, Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşamışlar. Bakı xanlığına 39 Abşeron kəndi də daxil idi. 1747-ci ilə kimi Bakı xanlığı İran şahlığından asılı olmuşdur. Bakı xanları şəhəri 1747-ci ildən 1806-cı ilə qədər sərbəst idarə etmişlər. 1806-cı il rusların Bakını işğalından sonra xan sarayında rus hərbi qarnizonu yerləşdirilmişdir. Post-sovet dövründə isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi. Vaxtilə bu ərazidə hovuzlu gül-çiçəkli bağça var imiş. Bu əzəmətli saraydan hal-hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalmışdır. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Son orta əsrlərdə Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı və xan sarayı mövcud imiş.
1985-86-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılmışdır. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı su kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunmuşdur.
Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşamışlar:
1747-1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu);
1765-1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu);
1784-1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu);
1791-1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu);
1792-1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).

SU KƏMƏRİ VƏ KANALİZASİYA

1964-cü ildə Sıratağlı qədim abidənin həyətində Ö.İsmizadə və F.İbrahimovun başçılığı altında aparılan arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizlənməsi zamanı tüng (saxsı) borulardan səliqə ilə çəkilmiş maraqlı yeraltı memarlıq tikilisi aşkar olunmuşdur. Sıratağlı abidənin dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmasını nəzərə alsaq, bu qədim su xəttinin daha əvvəlki dövrlərə aid olduğu anlaşılır.
Bu su kəməri şimal-qərb və cənub istiqamətində yerləşib Qız Qalasına doğru davam edir. 1924-cü ildə arxeoloq Sısoyevin başçılığı altında aparılmış arxeoloji qazıntılar nəticəsində bu kəmərin Qız Qalasından bir neçə metr şimal tərəfdə keçdiyi müəyyənləşmişdir.

YAŞAYIŞ EVİ

XIV-cü əsrin axırları inşa olunmuş bu bina birmərtəbəli dükanlardan ibarət olmuşdur. XV əsrdə bu binanın ikinci mərtəbəsi karvansaray kimi inşa olunmuş və son orta əsrlərə kimi təyinatı üzrə fəaliyyət göstərmişdir. Bu binanın alt hissəsində qədim dövrə aid geniş otaqlar (neft anbarları olduğu ehtimal olunur) hələ də qalmaqdadır. XVIII əsrdə binadan yaşayış evi kimi istifadə olunmuşdur. Binada bir neçə dəfə bərpa işləri aparılmışdır.

YERALTI HAMAM

Orta əsrlərdə İçərişəhərin quruya açılan iki əsas giriş qapısı (Şamaxı qapısı və Salyan qapısı) var idi. Bu qapıların yanında isə gömrükxana və hamam yerləşirdi. “İpək yolu” ilə şəhərə gələn karvanlar gömrüyü keçdikdən sonra hamama göndərilirdi. Onlara yalnız təmizləndikdən sonra şəhərə girməyə icazə verilirdi. Bu isə orta əsrlərdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi əməl edildiyindən xəbər verir.
Bu hamamlardan biri məhz İçərişəhərə qoşa qala qapılarından girərkən solda Bakı xanlarının evinin yerində, qala divarlarının dibində yer altında qalmaqdadır. Bu adsız hamam təqribən XIV əsrin sonları XV əsrin əvvəlləri Şirvanşahlar dövlətinin dinclik və əminamanlıq dövründə inşa olunmuşdur. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib.
Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtmüşdür. Hamamın yer altında olmasına baxmayaraq indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülmüşdür. Hamamın günbəzləri isə yer səthindən yuxarıda yerləşibmiş. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. 1906-cı ildə İçərişəhərin ruslar tərəfindən tam işğalından sonra indiki yeraltı hamamın ərazisi (Bakı xanlarının sarayının həyətində, qala divarının dibində) rusların hərbi kamendatlığına çevrilır. Məhz həmin dövrdə istifadəyə yararsız olan və bir hissəsi uçmuş hamamın günbəzləri sökülərək üzəri torpaqla örtülür. Postsovet məkanında isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi. Hamamın iki pəncərəsi Qoşa qala qapılarından sol tərəfdə qala divarında hal-hazırda qalmaqdadır.

MƏSCİD VƏ MƏSCİD HƏYƏTİ-İBADƏT YERİ

Qız Qalasının ətrafındakı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə arxeoloq F.İbrahimov tərəfindən (1990-93-cü illər) qazıntı işləri aparılmış və Qalanın şimalında IX əsrə aid edilən məscid aşkar olunmuşdur.
Bu ərazidə 1998-ci ildə aparılan qısamüddətli arxeoloji qazıntılar 2 otağın da varlığını aşkar etdi. Bunlardan böyük otağın döşəməsində qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxca içərisində yerləşdirilmiş mehrab aşkar olundu. Mehrabın üstündə iki kəlmədən ibarət qədim ərəb əlifbası ilə kufi xətli yazı var. Həmin yazını epiqrafçı alim Məşədixanım Nemət oxumuşdur. Yazının məzmunu belədir: “Hakimiyyət Allaha məxsusdur.” Tədqiqatçılar müqayisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yazını VIII - IX əsrə aid edir.
Məscid, onunla yanaşı tikilmiş otaqlar və sıratağlı abidə onların vahid kompleksə daxil olduğu ehtimalını yaradır. Şəhərin karvan-ticarət yolu üzərində yerləşdiyini nəzərə alıb bu ərazidə xanəgahın olduğu ehtimalını da söyləmək olar. Tarixçi-arxeoloq F.İbrahimov bu məscidin, onun tikildiyi dövrdə yaşamış görkəmli ruhani alim və din xadimi, əslən bakılı olan Baba Kuhi Bakuvinin məscidi olduğunu ehtimal edir.

Keçidlər